1xeber.media xəbər verir ki, sentyabrın 20-də Almaniyada iki mühüm regional seçki keçiriləcək. Meklenburq-Ön Pomeraniya federal torpağının parlamentinə və Berlin Deputatlar Palatasına seçkilər ölkənin siyasi gündəminə təsir edə bilər.
“İzvestiya”nın məlumatına görə, Şərqi Almaniyada keçirilən seçkilərin nəticələri hakim koalisiyanın mövqeyinə təsir göstərə və kansler Fridrix Merzin gələcək siyasi kursu ilə bağlı müzakirələri gücləndirə bilər.
Meklenburq-Ön Pomeraniyada əsas mübarizə Sosial Demokrat Partiyası (SPD) ilə “Almaniya üçün Alternativ” (AfD) arasında gedir. Sentyabrın 17-də Forschungsgruppe Wahlen tərəfindən keçirilən sorğuya əsasən, SPD 37 faizlə öndədir, AfD isə 36 faiz dəstəyə malikdir. “Sol” partiyası 9, Xristian Demokrat İttifaqı (CDU) 6, “Yaşıllar” isə 5 faiz göstərilir.
Bu nəticələr reallaşacağı təqdirdə, SPD və “Sol” partiyasının təkbaşına çoxluq formalaşdırması mümkün olmayacaq və hökumətin qurulması üçün əlavə koalisiya tərəfdaşına ehtiyac yaranacaq.
SPD-nin mövqeyinin güclənməsində federal torpağın baş naziri Manuela Şvezinqin yüksək şəxsi reytinqinin rol oynadığı bildirilir. Sorğulara görə, onun fəaliyyətini seçicilərin 60 faizdən çoxu dəstəkləyir.
Məqalədə həmçinin Fridrix Merzin şəxsi reytinqinin sentyabrın ortalarında 14 faizə qədər gerilədiyi qeyd olunur. CDU-nun Meklenburq-Ön Pomeraniyada 5 faizlik seçki baryerini keçə bilməmək riski ilə üzləşdiyi bildirilir.