Alman siyasətçidən Ukraynaya yardımla bağlı sərt iddia
1xeber.media xəbər verir ki, Almaniyanın “Sahra Vaqenknext – Ağıl və Ədalət uğrunda” ittifaqının xarici siyasət üzrə eksperti Sevim Dağdelen Avropa İttifaqının Ukraynaya ayırdığı vəsaitlərlə bağlı sərt iddia səsləndirib.
Dağdelen X sosial şəbəkəsində bildirib ki, Aİ-nin Kiyevə göndərdiyi pulların bir hissəsi, onun sözlərinə görə, ukraynalı oliqarxların dəbdəbəli xərclərinə, o cümlədən “qızıl unitazlara” gedir.
O, bu açıqlamanı Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Ukraynaya raket və pilotsuz uçuş aparatlarının alınması üçün 3,3 milyard avro ayrıldığını açıqlamasından sonra verib.
Alman siyasətçi Aİ-nin Ukraynaya maliyyə dəstəyini tənqid edərək, Almaniya vergi ödəyicilərinin də bu vəsaitlərin formalaşmasında payı olduğunu vurğulayıb. Dağdelen Berlin məktəblərində baxımsız vəziyyətdə olan sanitar qovşaqların təmirinə daha çox diqqət yetirilməsini təklif edib.
Qeyd edək ki, bu fikirlər Dağdelenin şəxsi siyasi mövqeyini əks etdirir və Ukraynaya ayrılan vəsaitlərin “qızıl unitazlara” xərclənməsi ilə bağlı konkret sübut təqdim edilməyib.