Вернуться назад Распечатать

Rusiya və Ukrayna arasında mülki şəxslər mübadilə edildi

1xeber.media xəbər verir ki, Rusiya və Ukrayna arasında Belarusun vasitəçiliyi ilə mülki şəxslərin mübadiləsi həyata keçirilib.

“BelTA”nın məlumatına görə, sentyabrın 17-də Rusiyadan 15 nəfər Ukraynada yaşayan yaxınlarının yanına göndərilib. Ukraynadan isə 3 nəfər Rusiyadakı ailə üzvlərinin yanına qayıdıb.

Mübadilə Belarus-Ukrayna sərhədində yerləşən “Novaya Quta” keçid məntəqəsində baş tutub. Bildirilir ki, mübadilə olunanların əksəriyyəti pensiyaçılar və hərəkət imkanları məhdud şəxslərdir.

Bundan əvvəl Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova Rusiya və Ukraynanın mülki şəxslərin və hərbi əsirlərin mübadiləsi, həmçinin ailələrin birləşdirilməsi ilə bağlı siyahıları müzakirə etdiyini açıqlamışdı.