Вернуться назад Распечатать

Xalqımız işğaldan azad edilən şəhər günlərini qürurla qeyd edir

İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni möhtəşəm səhifə yazan qüdrətli
Azərbaycan Ordusu növbəti qələbəsini 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi
zonasında keçirilən antiterror tədbirlərində qazandı. Həmin döyüşləri uğurla və qısa müddətdə
başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir günə əldə edilən tarixi
Qələbə separatçı və terrorçu rejimin sonunu gətirdi. Bu tarixi Zəfərimizlə sübut etdik ki,
Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və
alınacaq.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin
normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin
imzalanması prosesinə həmişə sadiq olub. Belə ki, ölkəmiz antiterror tədbirlərinədək
həmişə bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar
alınmayıb.
Təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın bu humanist davranışlarına baxmayaraq,
işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi
bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq
cəhdlərini davam etdirib. Bölgədə baş verən təxribatların qarşısının alınması, üçtərəfli
Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına
başlanılıb.
Lokal antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə ərzində başa çatdırıldı. Erməni
separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam
atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal
xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycanın Qarabağ
bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı
dəstələri silahı yerə qoymaqla döyüş mövqelərindən və hərbi postlardan çıxdılar. Onlar  tam
şəkildə tərksilah olundu. Sentyabrın 28-də isə Qarabağın separatçı rejiminin «rəhbəri» Samvel
Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.
Ən əsası isə Qarabağda separatçıların əsas rəhbərləri həbs olunaraq Azərbaycanın
ədalət məhkəmələrinə təhvil verildilər. Beləliklə Azərbaycan öz dövlət suverenliyini tamamilə
təmin etdi. Ölkəmizin Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli
bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il
noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü
ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizi, bərpa olunan
suverenliyimizi dünyaya bir daha çatdırdı.
Artıq ölkəmiz hər il 20 sentyabr tarixini Azərbaycan Respublikasının Dövlət Suverenliyi
Günü kimi qeyd edəcəkdir. Həmçinin, ölkə başçısının 2024-cu il sentyabrın 18-də imzaladığı
Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü
təntənəli şəkildə qeyd edilməyə başlanıldı və bu il bu əlamətdar günlər ikinci dəfə geniş şəkildə
qeyd ediləcəkdir. Fəxr etməyə dəyər. Artıq xalqımız torpaqlarımızın azad edildikləri tarixləri
qeyd edəcəkdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru