Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT və vətəndaş cəmiyyəti nümayəndəsi Ermənistanın müxtəlif dairələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura son səfərinə qarşı başladığı kampaniyaya etiraz edib. Birgə bəyanatda Ermənistan tərəfinin reaksiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirilib və bu cür yanaşmaların Azərbaycan-Ermənistan arasında davam edən sülh və normallaşma prosesinə mənfi təsir göstərə biləcəyi bildirilib. QHT nümayəndələri, həmçinin Qarabağın tarixi və mədəni irsi ilə bağlı Ermənistan tərəfindən səsləndirilən iddialara münasibət bildirərək, bu məsələlərin siyasi müstəvidə gündəmə gətirilməsinin yolverilməz olduğunu vurğulayıblar. Bəyanatda Ermənistan hökuməti sülh gündəliyinə sadiq qalmağa, qarşıdurma ritorikasına son qoymağa və Azərbaycana qarşı irredentist çağırışların qarşısını almağa çağırılıb.
1xeber.media xəbər verir ki,bu mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Azər Hüseynov açıqlama verib.
QHT-lərin bu bəyanat yaymasının əsas səbəbi nədir?
“Hər bir halda, bu Azərbaycan vətəndaş cəmiyyətinin reaksiyasıdır. Əslində Ermənistanın rəsmi dairələrinə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının reaksiya verməsi önəmli məsələdir. Çünki bu, təkcə ayrı-ayrı QHT-lərin mövqeyi kimi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin milli və dövlətçilik məsələlərinə münasibətinin ifadəsi kimi də qiymətləndirilə bilər. Bu Ermənistan və eləcə də ona müəyyən formada siyasi dəstək verən dairələrə göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və milli maraqları məsələsində Azərbaycan cəmiyyətində kifayət qədər geniş həmrəylik mövcuddur. Ola bilər ki, bəzi dairələr Azərbaycan cəmiyyətini məhz belə məsələlərdə müxtəlif cəbhələrə bölünmüş şəkildə görmək istəyirlər. Lakin vətəndaş cəmiyyətinin bu məsələlərdə prinsipial mövqe ortaya qoyması həmin yanaşmaların qarşısında müəyyən ictimai mövqe formalaşdırır. Ona görə də belə QHT bəyanatını təqdirəlayiq hesab etmək olar. Vətəndaş cəmiyyəti institutlarının ümummilli əhəmiyyət daşıyan məsələlərdə davamlı şəkildə mövqe bildirməsi vacibdir. Təbii ki, burada söhbət bütün QHT-lərin eyni siyasi mövqedə dayanmasından getmir. Lakin dövlətin ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyi kimi fundamental məsələlərdə vətəndaş cəmiyyətinin öz mövqeyini ortaya qoyması normal və vacib prosesdir. Milli məsələlərdə vahid mövqe göstərən QHT-lərin dəstəklənməsi də bu baxımdan əhəmiyyət daşıyır. Çünki müasir dünyada xarici təsir və müdaxilə yalnız klassik siyasi və diplomatik vasitələrlə həyata keçirilmir. Bəzi hallarda bu proses məhz vətəndaş cəmiyyəti, informasiya və ideoloji fəaliyyət üzərindən aparılır. Bu necə edilir? İlk növbədə ideoloji olaraq. Müəyyən fikirlər cəmiyyətə təqdim edilir, ictimai gündəm formalaşdırılır, müxtəlif məsələlərə münasibət dəyişdirilməyə çalışılır. Buna görə də Azərbaycan vətəndaş cəmiyyətinin öz milli maraqlarını, dövlətçilik prinsiplərini və ölkənin ərazi bütövlüyü məsələsini ifadə edən fəal mövqeyi mühüm əhəmiyyət daşıyır.”
Ermənistanın diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfərinə reaksiyasını necə qiymətləndirirsiniz? “Ermənistanın reaksiyasına gəldikdə isə hesab edirəm ki, burada əsas məqsədlərdən biri daxili auditoriyaya mesaj verməkdir. Ermənistan hakimiyyəti də çox gözəl bilir ki, uzun illər Ermənistanın siyasi və sosial inkişafının qarşısında dayanan əsas problemlərdən biri Qarabağ məsələsi və bu məsələ ətrafında formalaşmış siyasi sistem olub. Sonda nə baş verdi? Ermənistan bu siyasətdən real olaraq nə qazandı? Əksinə, ciddi itkilərlə üzləşdi. İşğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməli oldu, böyük siyasi və sosial problemlərlə qarşılaşdı. Yəni Qarabağ məsələsi Ermənistan üçün uzun müddət siyasi mobilizasiya vasitəsi kimi istifadə edilsə də, nəticədə ölkənin inkişafını təmin edən strategiyaya çevrilmədi.Azərbaycanla sülh imzalamaq və normal münasibətlərə qayıtmaq istəyən tərəflərin bu cür reaksiyalar verməsi, təbii ki, müəyyən suallar yaradır. Əgər məqsəd həqiqətən uzunmüddətli sülh, regional əməkdaşlıq və normal qonşuluq münasibətləridirsə, keçmişin siyasi ritorikasını davam etdirmək əvəzinə gələcəyə yönəlmiş yanaşma daha konstruktiv olardı.Bəs niyə belə bəyanatlar verilir? Burada daxili siyasi auditoriyanın amilini nəzərə almaq lazımdır. Ermənistan hakimiyyəti müxtəlif siyasi qüvvələr arasında öz mövqeyini qorumaq, cəmiyyətdə müəyyən həssas mövzular üzərindən siyasi dəstək formalaşdırmaq ehtiyacı hiss edə bilər. Qarabağ məsələsi də Ermənistan cəmiyyətində uzun müddət emosional və siyasi baxımdan mühüm mövzu olub.Digər tərəfdən, hər bir xarici səfər və beynəlxalq nümayəndənin Qarabağa və ətraf rayonlara səfəri Azərbaycanın işğaldan sonrakı dövrdə apardığı bərpa və quruculuq işlərinin beynəlxalq auditoriya tərəfindən görülməsinə imkan yaradır. İnsanlar həmin ərazilərdə bu gün həyata keçirilən inkişaf layihələrini gördükcə, eyni zamanda işğal dövrünün nəticələri ilə də tanış olurlar.İşğaldan əvvəl və işğal dövründə həmin ərazilərdə nə baş vermişdi? Uzun illər ərzində dağıdılmış, boşaldılmış və talan edilmiş yaşayış məntəqələri və infrastruktur ortaya çıxmışdı. İndi isə beynəlxalq nümayəndələr həmin ərazilərə səfər etdikcə həm dağıntıları, həm də Azərbaycanın sonrakı bərpa prosesini görürlər.Ermənistanın müəyyən dairələrinin narahatlığının səbəblərindən biri də məhz bundan ibarət ola bilər ki, bu səfərlər nəticəsində keçmişdə baş vermiş hadisələr daha geniş beynəlxalq auditoriyanın diqqətinə çatdırılır. Təbii ki, Azərbaycan tərəfi buna rəsmi və siyasi-diplomatik kanallarla öz reaksiyasını verəcəkdir.QHT-lərin bəyanatı isə bu prosesə vətəndaş cəmiyyəti səviyyəsində verilən dəstək kimi qiymətləndirilə bilər. Yəni dövlətin diplomatik reaksiyası ilə yanaşı, cəmiyyətin özünün də məsələyə münasibət bildirməsi Azərbaycan cəmiyyətində bu mövzunun diqqətdə saxlanıldığını göstərir.”
Sizcə, bu cür kampaniyalar Azərbaycan-Ermənistan arasında davam edən normallaşma və sülh prosesinə necə təsir göstərə bilər?
“Bu davranışlar, təbii ki, sülh danışıqlarının inkişafına mənfi təsir göstərə bilər. Çünki sülh prosesi yalnız sənədlərin hazırlanmasından və rəsmi danışıqların aparılmasından ibarət deyil. Burada siyasi ritorika, qarşılıqlı etimad, cəmiyyətlərin bir-birinə münasibəti və tərəflərin verdiyi mesajlar da mühüm rol oynayır.Xüsusilə də Ermənistan tərəfindən səsləndirilən bəzi fikirlər Azərbaycan cəmiyyətində də adekvat reaksiyaya səbəb olur. Bu isə öz növbəsində cəmiyyətlər arasında onsuz da zəif olan etimadın daha da formalaşmasını çətinləşdirə bilər.Ona görə də sülh prosesinin irəliləməsi üçün yalnız rəsmi danışıqların deyil, eyni zamanda ictimai və siyasi ritorikanın da daha konstruktiv istiqamətdə olması əhəmiyyətlidir. Keçmişlə bağlı mövcud fikir ayrılıqları qalır, amma davamlı sülh üçün gələcəyə hesablanmış siyasi dilin formalaşdırılması vacibdir.”
Sizcə, Ermənistanda keçmiş separatçı rejimin müxtəlif beynəlxalq qurumlara müraciət etməsi hansı nəticələrə səbəb ola bilər və Azərbaycan bu cür təşəbbüslərə qarşı hansı diplomatik mexanizmlərdən istifadə edə bilər?
“Azərbaycan Ermənistanda səslənən bu fikirlərə diversifikasiya edilmiş siyasi və diplomatik yollarla cavab versə, daha məqsədəuyğun olar. Yəni cavab yalnız bir kanaldan deyil, müxtəlif diplomatik, siyasi, informasiya və ictimai platformalardan verilməlidir.Çünki müasir beynəlxalq münasibətlərdə hər hansı məsələyə münasibət yalnız ikitərəfli bəyanatlarla məhdudlaşmır. Beynəlxalq təşkilatlar, xarici dövlətlər, media, ekspert dairələri və vətəndaş cəmiyyəti də həmin məsələnin formalaşmasında rol oynayır. Buna görə də Azərbaycanın mövqeyinin müxtəlif platformalarda ardıcıl və faktlara əsaslanan şəkildə təqdim edilməsi əhəmiyyətlidir.Burada əsas məsələ emosional qarşıdurmanı dərinləşdirmək yox, Azərbaycanın mövqeyini faktlarla və diplomatik arqumentlərlə izah etməkdir. Xüsusilə Qarabağ məsələsinin tarixi, işğal dövrünün nəticələri, hazırda aparılan bərpa-quruculuq işləri və regionda sülhə yönəlmiş proseslər barədə məlumatların beynəlxalq auditoriyaya sistemli şəkildə çatdırılması faydalı ola bilər.Eyni zamanda vətəndaş cəmiyyətinin, ekspertlərin, akademik dairələrin və medianın da bu prosesdə öz imkanları daxilində iştirak etməsi mümkündür. Beləliklə, dövlət diplomatiyası ilə yanaşı, ictimai diplomatiya və informasiya imkanlarından da istifadə olunaraq daha geniş və çoxşaxəli mövqe ortaya qoyula bilər.”