İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ölkəsinə qarşı iqtisadi blokadaya qoşulacaq qonşu dövlətləri hədələyib.
1xeber.media xəbər verir ki, Rezayi ABŞ-nin İranın ticarət və maliyyə əlaqələrinə mane olacağı təqdirdə Tehranın cavab tədbirləri görəcəyini bildirib.
Onun sözlərinə görə, İran regionda fəaliyyət göstərən ABŞ şirkətlərinə, o cümlədən qazma və ticarət müəssisələrinə zərbələr endirə bilər:
“Amerikanın İran iqtisadiyyatına vurduğu zərbəyə onun iqtisadiyyatına zərbə ilə cavab verəcəyik. Zərbəyə zərbə prinsipi tətbiq olunacaq”.
Rezayi qonşu ölkələri də ABŞ ilə əməkdaşlıq etməməyə çağırıb. O bildirib ki, İranın iqtisadi blokadasında iştirak edən ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə məhdudiyyətlər qoyula bilər:
“Əgər qonşu ölkə İranın iqtisadi blokadaya alınmasında amerikalılarla əməkdaşlıq edərsə, onun gəmilərini Hörmüz boğazında cəzalandıracağıq. Gəmilərin hərəkətinə və keçidinə, eləcə də bəzi fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edəcəyik”.
İran rəsmisi ABŞ iqtisadiyyatının zəiflədiyini iddia edərək, region ölkələrinin gələcəkdə də qonşu olaraq qalacağını vurğulayıb.
Rezayi Fars körfəzi ölkələrini təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün birləşməyə, qarşılıqlı sərmayələri artırmağa, vahid bazar və ortaq valyutanın yaradılması imkanlarını nəzərdən keçirməyə çağırıb.