"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və "Böyük Qayıdış" prosesinə həsr olunmuş "Sabaha doğru" sənədli filmi ərsəyə gətirilib.
1xeber.media xəbər verir ki, "Şəhərsalma və Arxitektura İli" çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim olunur.
Filmdə sakinlərin təəssüratları ilə yanaşı, müasir memarlıq üslubunda salınan və insan yönlü prinsiplərə əsaslanan yeni yaşayış məntəqələri də nümayiş etdirilir.
Çəkilişlər Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
"Sabaha doğru" "Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri" layihəsi çərçivəsində istehsal olunub. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.