Вернуться назад Распечатать

Nazirlər hansı ixtisası bitirib? - Siyahıda ən çox bu peşə var

Azərbaycanın hazırkı Nazirlər Kabinetində müxtəlif ixtisaslar üzrə ali təhsil almış şəxslər təmsil olunur. Nazirlərin təhsil aldıqları sahələr arasında hüquq, iqtisadiyyat, idarəetmə, tibb, menecment və hərbi ixtisaslar üstünlük təşkil edir.

Nazirlər Kabinetinin üzvlərinin bioqrafiyalarına nəzər saldıqda ən çox rast gəlinən ixtisasın hüquq olduğu görünür. Belə ki, 18 nazir arasında 7 nəfər hüquq təhsili alıb.

Ədliyyə naziri Fərid Əhmədov Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra Esseks Universitetində beynəlxalq insan hüquqları üzrə magistr, Oksford Universitetində isə hüquq üzrə doktorantura təhsili keçib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev də hüquq təhsillidir. O, BDU-nun Beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb, daha sonra hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov da hüquq təhsili alan nazirlər sırasındadır. O, BDU-nun Beynəlxalq hüquq fakültəsini bitirib. Bundan başqa, ABŞ-da hüquq üzrə magistr və Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr təhsili alıb.

Xarici işlər naziri Ceyhun Bayramov iki fərqli istiqamətdə ali təhsil alıb. O, Azərbaycan Dövlət İqtisad İnstitutunda iqtisadçı ixtisasına yiyələnib, daha sonra Azərbaycan Universitetində hüquqşünaslıq təhsili alıb.

Maliyyə naziri Sahil Babayev də hüquq təhsillidir. O, BDU-da “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr təhsili alıb, daha sonra hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

Mədəniyyət naziri Adil Kərimli də hüquq fakültəsinin məzunudur. O, BDU-nun Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Sonrakı mərhələdə cinayət hüququ və kriminologiya üzrə elmi fəaliyyət göstərib.

Digər nazirlər hansı ixtisasları bitirib?

Nazirlər arasında hüquqdan başqa müxtəlif ixtisaslar üzrə təhsil alan şəxslər də var.

Baş nazir Əli Əsədov Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib. Daha sonra iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.

Daxili işlər naziri Vilayət Eyvazov DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr, ABŞ-ın Kolumbiya Universitetində isə dövlət idarəçiliyi üzrə magistr təhsili alıb.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz sənayesinin iqtisadiyyatı və təşkili istiqamətində təhsil alıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib.

Gənclər və idman naziri Fərid Qayıbov biznesin idarə edilməsi üzrə bakalavr və magistr təhsili alıb. Daha sonra Rusiyada pedaqoji elmlər üzrə elmi dərəcə əldə edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində isə biznesin təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Müdafiə naziri Zakir Həsənov hərbi təhsil alıb. O, Cəmşid Naxçıvanski adına hərbi məktəbi və Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Dövlət İdarəçilik Akademiyasında mühəndis iqtisadiyyatı və idarəetmə - menecment ixtisası üzrə bakalavr, Xəzər Universitetində isə maliyyə və kredit üzrə MBA təhsili alıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr və magistr, ABŞ-ın Şərqi Karolina Universitetində isə iqtisadiyyat üzrə magistr təhsili alıb.

Səhiyyə naziri Teymur Musayev Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. Daha sonra səhiyyə idarəçiliyi üzrə magistr təhsili alıb.