Məhkəmə salonlarının qapısında gözləyən cütlüklərin rəsmi boşanma ərizələrinə baxsanız, orada adətən standart bir cümlə görərsiniz: "Xasiyyətlərimiz düz gəlmir". Lakin bu dörd kəlməlik cümlənin arxasında əslində böyük fırtınalar, qırılmış ümidlər və daxili tənhalıq dayanır. Psixoloqlar və ailə məsləhətçiləri müasir dövrdə boşanmaların sayının artmasını bir neçə əsas faktorla izah edirlər.
İlk növbədə, ortaq dilin və ünsiyyətin itməsi gəlir. Evliliyin ilk illərində saatlarla danışan, gələcək planlar quran insanlar zaman keçdikcə eyni evin içində iki qonaq kimi yaşamağa başlayırlar. Hər kəs öz telefonunun ekranına dalır, problemlər paylaşıb həll edilmək əvəzinə içəridə yığılıb qalır. İkinci böyük səbəb isə maddi çətinliklər və real həyatın yüküdür. Sevgililik dönəmindəki romantik gəzintilər yerini kommunal xərclərə, kredit ödənişlərinə və uşaq bezinin qiymətinə buraxanda, bəzi cütlüklər bu yükü çiyinlərində bərabər daşıya bilmirlər. Maddi sıxıntılar artdıqca səbirlər tükənir, ən xırda məişət məsələsi – məsələn, yuyulmayan bir qab və ya yerinə qoyulmayan əşya belə böyük davaların qığılcımına çevrilir.
Digər tərəfdən, qohumların ailə daxili münasibətlərə həddindən artıq müdaxilə etməsi də boşanma faizlərini yuxarı çəkən amillərdəndir. Gənc cütlüyün öz sərhədlərini qoruya bilməməsi, "kim nə dedi" davası çox vaxt iki nəfərin arasındakı bağı tamamilə qoparır. Bütün bunlara xəyanət, etimadsızlıq və tərəflərin bir-birindən gözləntilərinin həddindən artıq yüksək (idealizə edilmiş) olması da əlavə olunduqda, boşanma qaçılmaz bir sonluq kimi görünür. İnsanlar artıq mutsuz olduqları bir yerdə illərlə dözmək istəmir, öz fərdi xoşbəxtliklərini nikah kağızından üstün tuturlar.
Aidə Tofiqqızı