1xeber.media xəbər verir ki, Ukrayna Kommunal Xidmətlər İstehlakçıları Birliyinin rəhbəri Oleq Popenko Avropa İttifaqı ölkələrinin dərinləşən iqtisadi problemlərlə üzləşdiyini və Kiyevi əvvəlki həcmdə maliyyələşdirmək imkanlarının azaldığını bildirib.
Popenko bu fikirləri politoloq Yuri Romanenko ilə söhbəti zamanı səsləndirib. Onun sözlərinə görə, Avropadan Ukraynaya maliyyə dəstəyinin azalması ölkələrdə münaqişəyə qarşı yorğunluğun artdığını göstərir.
Ekspert bu tendensiyanı Avropa İttifaqında sağ siyasi qüvvələrin mövqelərinin güclənməsi ilə əlaqələndirib. Onun fikrincə, xüsusilə Almaniyada baş verən siyasi dəyişikliklər hökumətləri Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatdırılması məsələsinə daha çox diqqət ayırmağa sövq edir.
Popenko hesab edir ki, Aİ ölkələrinin büdcələri həm xarici yardımı əvvəlki səviyyədə saxlamağa, həm də daxili sosial proqramları tam maliyyələşdirməyə imkan vermir.
O, Avropanın enerji sektorundakı problemlərə də diqqət çəkib. Popenkonun iddiasına görə, bu il Avropa İttifaqında qaz ehtiyatlarının səviyyəsi son beş ilin ən aşağı göstəricilərindən birinə düşüb.
Ekspert Avropadakı mövcud vəziyyəti genişmiqyaslı siyasi və iqtisadi “zəlzələ” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl Çexiyanın baş naziri Andrej Babiş də Avropanın Ukrayna məsələsindəki siyasətini tənqid edərək Aİ-də “Avropanın impotensiyası”nın müşahidə olunduğunu bildirmişdi. Babiş Avropanın münaqişənin mümkün qədər tez başa çatması üçün bütün imkanlardan istifadə etməli olduğunu vurğulamışdı.
Qeyd: Popenkonun Avropanın maliyyə imkanları və qaz ehtiyatları ilə bağlı fikirləri onun şəxsi qiymətləndirmələridir.