1xeber.media xəbər verir ki, ABŞ yaxın perspektivdə Yəməndə “Ənsar Allah” hərəkatının husilərinə qarşı hava zərbələri endirməyəcək. Bu barədə The New York Times ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə husilərə qarşı hərbi əməliyyata qarşı çıxıb. Lakin sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığından sonra Pentaqona mümkün hava zərbələrinə hazırlaşmaq tapşırığı verib.
Lakin sentyabrın 20-də Tramp mövqeyini yenidən dəyişib və husilərə qarşı ABŞ hava zərbələrinin, ən azı hələlik, həyata keçirilməyəcəyinə qərar verib. Qəzetin yazdığına görə, həmin vaxt hərbçilər artıq hədəfləri müəyyənləşdirib, təyyarələrə döyüş sursatlarının yüklənməsinə başlanılıb.
ABŞ administrasiyasının rəsmilərinə görə, Vaşinqton hazırda Səudiyyə Ərəbistanına kəşfiyyat və hədəfləmə sahəsində dəstək verir. Tramp isə husilərlə ABŞ arasında birbaşa qarşıdurmanın olmadığını bildirib.
Bu qərarın fonunda husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırması və Qırmızı dənizdə gəmiçiliyə təsir edən vəziyyətin gərginləşməsi dayanır.