Вернуться назад Распечатать

Məhkəmə İman Quliyevin 11 milyon manat borcu yığılan şirkətini cərimələdi

“Şahinlər” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

1xeber.media Yurd media-ya istinadla xəbər verir ki,şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

Buna görə də “Şahinlər” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat cərimə edilib.

Qeyd edək ki, "Şahinlər" MMC 1994-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 500 manat olan şirkətin qanuni təmsilçisi Elməddin Bayramovdur. Hazırda “Şahinlər” MMC-nin dövlətə 11 milyon manat vergi borcu yığılıb. 

“Şahinlər” MMC 2024-cü ildə “Nyu Sfera-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

Şirkət eyni ünvanda, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxildir və tikinti sektorunda fəaliyyət göstərir qeyd olunur. Bu barədə məlumat “Nyu Sfera Şirkətlər Qrupu”nun veb-səhifəsində də (nyusfera.com) qeyd olunub.

“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb.  “Nyu Sfera Şirkətlər Qrupu” təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Şirkətlər qrupa “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, "Nyu Sfera - Ticarət" MMC, "Nyu Sfera - Nəqliyyat" MMC, "Nyu Sfera -Turizm" MMC, "Nyu Sfera - İnşaat" MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı  - “Romance Palace-1”, “Romance Palace-2", “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur.  “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.