1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp Tbilisidə “Trump Tower” layihəsinin həyata keçiriləcəyini açıqlayıb və Gürcüstanı Avropa ilə Asiya arasında mühüm körpü kimi xarakterizə edib.
Erik Tramp “Rustavi 2” telekanalına müsahibəsində bildirib ki, “Trump Organization” şirkətinin Avropa və Asiyada çoxsaylı layihələri var, lakin Gürcüstanda indiyədək fəaliyyət göstərməyib.
Onun sözlərinə görə, şirkət dünyanın müxtəlif ölkələrində bina tikintisi ilə bağlı yüzlərlə təklifdən imtina edir. Layihənin həyata keçirilməsi üçün məkanın xüsusi və fərqlənən olması vacibdir. Erik Tramp məhz buna görə Tbilisinin seçildiyini vurğulayıb.
O, Tbilisidə Avropa və Asiyanın ən yaxşı binalarından birinin inşa ediləcəyini bildirib. Erik Trampın fikrincə, şirkətin Qərb dünyası üçün nisbətən yeni bazara daxil olması digər biznes dairələri üçün də siqnal rolunu oynaya bilər.
Erik Tramp qeyd edib ki, layihədə Qərb standartlarından istifadə olunacaq, lakin binanın memarlığı və dizaynı Gürcüstanın ənənələri, adətləri və həyat tərzinə uyğunlaşdırılacaq.
O, həmçinin Gürcüstanı təhlükəsiz ölkə kimi xarakterizə edib və ölkə iqtisadiyyatının artım tempinə diqqət çəkib. Erik Trampın sözlərinə görə, iqtisadi artım 2024-cü ildə təxminən 10 faiz, 2025-ci ildə isə 8 faiz təşkil edib.