İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Məmmədli Hüquq Mərkəzi” MMC-nin rəhbəri Məmmədli Aqşin Azər oğlu barəsində məhkəməyə müraciət edib.
1xeber.media xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə əsasən, müraciət Aqşin Məmmədlinin vergi borcunun ödənilməsini təmin etmək məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı olub.
Məhkəmə sənədində göstərilir ki, vergi ödəyicisi olan şəxsin dövlət büdcəsinə 18 033,32 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 0,25 manat borcu yaranıb. Ümumilikdə borcun məbləği 18 033,57 manat təşkil edib. Borcun 13 002,82 manatı vergilər, 5 030,50 manatı isə faizlər üzrə formalaşıb.
Sənəddə “Məmmədli Hüquq Mərkəzi” MMC-nin də adı keçir.
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən borcun ödənilməsi üçün vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq bildirişlər göndərilib. Bildirişlərdə borcun 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi tələb olunub. Lakin məhkəmə sənədinə əsasən, borc həmin müddətdə ödənilməyib.
Məhkəmə araşdırması zamanı vergi borcunun mövcudluğu və onun qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi müəyyən edilib. Məhkəmə nəticəyə gəlib ki, yaranmış borcun ödənilməsini təmin etmək üçün 1994-cü il təvəllüdlü Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanuni əsaslar mövcuddur.
Beləliklə, məhkəmə ərizəni təmin edib və Aqşin Məmmədli Azər oğlunun ölkədən getmək hüququnun vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmasına qərar verib.