Вернуться назад Распечатать

Rafiq Danakari: Gəncəsər Monastırını ziyarət etmək bizim üçün böyük xoşbəxtlikdir

Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər Monastırını ziyarət edən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari səfərlə bağlı təəssüratlarını bölüşüb.

1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Rafiq Danakari Alban-Udi icmasının üzvlərinin uzun illərdən sonra Gəncəsər Monastırını ziyarət etmələrinin xüsusi əhəmiyyətini vurğulayıb: “Bu gün burada olduğumuz üçün çox xoşbəxtik. Torpaqlarımızın azad olunması nəticəsində artıq bu müqəddəs məkana rahat şəkildə gələ bilirik. Uzun illər, 100-200 il ərzində bura gələ bilmirdik. Bu gün isə şəhidlərimizin ruhuna dualar etdik, onların xatirəsini yad etdik və şamlar yandırdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün bizim üçün başqa bir baxımdan da əlamətdardır. Məryəm Ananın doğum günüdür. Bu əlamətdar gündə Gəncəsər Monastırında olmaq bizim üçün xüsusi məna daşıyır. İstəyirik ki, bundan sonra da mütəmadi olaraq Gəncəsər Monastırını, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən kilsə və monastırları ziyarət edək, burada dualarımızı edək və şamlar yandıraq. Bu tarixi məkanların dünya ictimaiyyətinə tanıdılması da vacibdir. Çünki bunlar bizim tariximiz, mədəni və dini irsimizdir. İstəyirik ki, bütün dünya Qafqaz Albaniyasının tarixi irsinin bu gün də yaşadıldığını görsün”, – deyə R.Danakari bildirib. Alban-Udi Xristian Dini İcmasının sədr müavini Azərbaycanın tarixi və dini irsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini də qeyd edib.