Məni aldadıb dünyaya gətirən anam
Elmira Əhmədovanın əziz xatirəsinə
Məni aldadıb dünyaya gətirən anam,
Demişdin: “Qorxma, mən varam axı…”
Sən varkən dərdin də sonu görünərdi,
İndi bu həsrətin sonu yox axı.
Kəlbəcər qızıydın, dağ vüqarlıydın,
Bir daş ustasının zəhmət balası.
Kasıb ocağınız isinərdi hər gün
Halal bir çörəklə, ata duasıyla.
Atan daş yonardı, sən könül hörərdin,
O, naxış salardı, sən ümid verərdin.
Əlinə dəftərlə gələn uşağın
Gözündə sabahın işığını görərdin.
Neçə dil açardı sənə qapılar,
Ərəb-fars yazısı axardı əlindən.
Mən səni dinlərdim, vaxtı unudub,
Dünya genişlərdi söhbətlərindən.
Elmin dərin idi, sözün aydınlıq,
Ən çətin mətləbi asan deyərdin.
Bir sual verəndə tələsməzdin heç,
Məni də özünlə düşündürərdin.
İndi suallarım yığılıb qalıb,
Açıram, bağlayıram kitabları.
Bir kəlmə söyləsən, yenə anlayaram
Sənsiz mənə qaranlıq qalanları.
Müəllimə anam, neçə uşağın
İlk əyri hərfinə yol göstərmisən.
Birinin qəlbində inam oyadıb,
Birinin əlindən qorxu götürmüsən.
O gün şagirdlərin başına yığışdı,
Bu dəfə nə dəftər, nə kitab vardı.
Hamı səndən bir söz gözləyən kimi
Məzarın önündə səssiz dayanmışdı.
Sanki bir məktəbin işığı söndü,
Sanki söz yarıda qırıldı o gün.
Mən anamı itirdim, onlar müəllimini —
Neçə ürək birdən daraldı o gün.
Haqsızlıq önündə susmazdın, anam,
Düz sözün xətrinə dərd çəkərdin sən.
Kimsənin könlünü incitmək istəməz,
Əzilən könülə arxa durardın sən.
Hər sözün, hər işin ədəb dərsiydi,
Səni tanıyanlar səndən öyrənərdi.
Yanına bir dərdlə gələn qadınlar
Söhbətin bitəndə dirçəlib gedərdi.
Həyatı dərindən duyardın, anam,
Gizlənən kədəri gözdən bilərdin.
Mən “Yaxşıyam” deyib üzümü çevirsəm,
“Bir az da otur”, — deyə səslənərdin.
İndi də “Yaxşıyam” deyirəm, ana,
Bu sözə inanan nə çoxmuş, demə.
Bir sən duyardın ki, səsimdə nə var,
Bir sən baxıb-baxıb susardın mənə.
Uğurlu günüm də yarımçıq keçir,
Sevincim yol tapıb sənə çatmayır.
Əlim telefonun üstünə gedir,
“Anama deyim…”dən o yana getməyir.
Gecələr yolumu gözlərdin, anam,
Qapı açılanda qalxardı başın.
Bir an baxmağınla yüngülləşərdi
Üstümə yığılan günün ağırlığı.
İndi açarı da yavaş çevirirəm,
Vərdişdir — elə bil yatmısan yenə.
“Gəldim, ana”, — sözü qalır dilimdə,
Səssiz ev cavab verir yerinə.
Adını daş üstə oxudum bir gün,
Barmağım toxundu soyuq hərflərə.
Daş ustasının qızı, əziz anam,
Səni daşdan xəbər alıram yenə.
Üzünü oxşayan əllərim indi
Başdaşın üstündə qəribsəyibdir.
Sən mənim üstümdən toz götürərdin,
İndi daşındakı tozu silirəm.
Məni aldadıb dünyaya gətirən anam,
Bu sözüm inciklik deyil, gileydir.
Sən gedən gündən rahat yatmıram,
Gecələr uşaqlığım səni səsləyir.
Hamı ehtiramla adını çəkir,
“Elmira müəllimə…” — deyib kövrəlir.
Mən bütün adlardan birini seçib
“Ana…” deyirəm..
Tural Əhmədovdan anası Elmira xanımın əziz xatirəsinə.