Вернуться назад Распечатать

Kreml: Usmanov və Fridmana qarşı sanksiyalar götürülməlidir

1xeber.media xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmana qarşı tətbiq etdiyi sanksiyaların ləğv edilməli olduğunu bildirib.

Peskov bu açıqlamanı Aİ-də hər iki biznesmenin sanksiya siyahısından çıxarılması ilə bağlı müzakirələri şərh edərkən səsləndirib. O, Rusiyanın bu məhdudiyyətləri qanunsuz hesab etdiyini və sanksiyaların həm Usmanov, həm Fridman, həm də digər Rusiya vətəndaşlarına münasibətdə aradan qaldırılmalı olduğunu deyib.

Hazırda Aİ ölkələri Usmanov və Fridmanın sanksiya siyahısından çıxarılması ehtimalını müzakirə edir. Təklifə əsasən, onların sanksiyalardan azad edilməsi müqabilində minlərlə digər Rusiya vətəndaşı və şirkətinə qarşı məhdudiyyətlərin daha üç il uzadılması nəzərdən keçirilir.

Fransa və Slovakiya Usmanovun siyahıdan çıxarılmasını dəstəkləyib, Lüksemburq isə Fridmanla bağlı analoji mövqe irəli sürüb. Latviya isə belə bir razılaşmaya qarşı çıxıb. Aİ-də qərar yekdilliklə qəbul edilməlidir.

Usmanov və Fridman 2022-ci ildən Aİ-nin sanksiyaları altındadır. Hər iki biznesmen məhdudiyyətlərə qarşı hüquqi mübarizə aparır.