Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş strateji müşavirə keçirilib.
1xeber.media xəbər verir ki,dövlət başçısı öz çıxışında qeyri-neft sənayesinin, xüsusilə ağır sənaye və metallurgiya sektorunun ölkə iqtisadiyyatındakı rolunun artırılmasının vacibliyini önə çəkib. Prezident sənaye müəssisələrinin yalnız xammal hasilatı ilə kifayətlənməməli olduğunu, yerli resursların ölkə daxilində son məhsula qədər emal edilməsinin vacibliyini vurğulayaraq bildirib:
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur".
Dövlət başçısı qeyd edib ki, tam istehsal zəncirinin qurulması Azərbaycana idxal olunan bir çox sənaye mallarının yerli istehsalla əvəzlənməsinə, daxili bazarın qorunmasına və xarici valyutanın ölkədən çıxmasının qarşısının alınmasına imkan verəcək. Yeni sənaye zavodlarının və emal müəssisələrinin yaradılması ölkədə yüksək texnoloji sahələrin inkişafına və rəqabətqabiliyyətli son məhsulların xarici bazarlara ixrac edilməsinə güclü təkan verəcəkdir.
Müşavirədə həmçinin vurğulanıb ki, yeni zavodların inşası və hasilat infrastrukturunun genişləndirilməsi ölkədə, xüsusən də regionlarda minlərlə yeni daimi iş yerinin açılması və sosial-iqtisadi rifahın yüksəlməsi deməkdir. Prezident İlham Əliyev çıxışının sonunda yeni zavodların tikintisi layihələrinə həm dövlət, həm də özəl investisiyaların səmərəli cəlb olunması, müasir ekoloji təmiz texnologiyaların tətbiqi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə qəti tapşırıqlar verib.