Вернуться назад Распечатать

Trampa xəbərdarlıq: Hindistan cəzalandırılmamalıdır

1xeber.media xəbər verir ki, JPMorgan Chase & Co. şirkətinin rəhbəri Ceymi Daymon ABŞ-ın Rusiyadan neft alan ölkələrə qarşı 100 faizlik tarif tətbiq etmə planlarının Hindistana və dünya neft bazarına mənfi təsir göstərə biləcəyini bildirib.

Daymon ABŞ administrasiyasının Hindistanı bu səbəbdən cəzalandırmamasına ümid etdiyini deyib. Onun sözlərinə görə, neft emalı zavodları adətən müəyyən neft növlərinin emalı üçün layihələndirilir və buna görə də təchizatçının qısa müddətdə dəyişdirilməsi çətin ola bilər.

Hindistan dünyanın ən böyük neft idxalçılarından biridir və son aylarda ölkənin idxal etdiyi neftin yarıdan çoxunun Rusiyanın payına düşdüyü bildirilir.

ABŞ-ın Rusiyadan neft idxal edən ölkələrə qarşı mümkün yeni tarifləri fonunda Hindistanın neft emalı şirkətləri alternativ tədarük mənbələri axtarmağa başlayıblar.

Daymonun açıqlaması ABŞ-ın Rusiyaya qarşı təzyiq siyasətinin qlobal enerji bazarına mümkün təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.