Tramp Rusiyaya qarşı yeni sanksiyaları işə sala biləcəyini dedi
1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynada sülhə razı salmaq üçün yeni sanksiya və tarif səlahiyyətlərindən istifadə edə biləcəyini bildirib.
Tramp bunu BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxışı zamanı deyib. O, ötən həftə Konqres tərəfindən qəbul edilən və Rusiyaya qarşı iqtisadi təzyiqi genişləndirən qanunu imzaladığını xatırladıb.
ABŞ prezidentinin sözlərinə görə, qanun ona geniş tarif səlahiyyətləri verir və zərurət yaranarsa, bu imkanlardan istifadə edəcək. Tramp məqsədin Ukraynadakı müharibənin dayandırılması olduğunu bildirib.
Qanun ABŞ prezidentinə Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı 100 faizə qədər əlavə tarif tətbiq etmək imkanları verir. Sənəd Rusiyanın enerji və müdafiə sektorlarına, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə olunan tanker donanmasına qarşı tədbirləri də genişləndirir.
Tramp çıxışında Rusiya və Ukrayna liderləri ilə müharibənin başa çatdırılması istiqamətində işlədiyini və nəticənin gözləniləndən daha tez əldə oluna biləcəyini də deyib.