Вернуться назад Распечатать

Məmməd Musayev barəsində cinayət işi açılıb

Məmməd Musayev barəsində cinayət işi açılıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində cinayət işi açılıb.

1xeber.media “Teleqraf”a istinadən xəbər verir ki, Məmməd Musayevə Cinayət Məcəlləsinin 178.4-cü — xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb. O, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.

Məlumata görə, cinayət işi “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı vasitəsilə ayrılmış kreditlərlə bağlı aparılan araşdırma çərçivəsində başlanıb.

İstintaq zamanı bir sıra sahibkarlara kənd təsərrüfatının maliyyələşdirilməsi məqsədilə ayrıldığı bildirilən kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması ilə bağlı hallar araşdırılır.

Qeyd edək ki, Məmməd Musayev 2001–2025-ci illərdə “Aqrarkredit” QSC-yə rəhbərlik edib. Səhmləri tamamilə dövlətə məxsus olan qurumun əsas fəaliyyət istiqamətlərindən biri sahibkarlıq subyektlərinin, o cümlədən regionlarda çalışan bizneslərin maliyyələşdirilməsi və kreditləşdirilməsidir.

Məmməd Musayev hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti vəzifəsini tutur.

Bundan əvvəl onun öz hesabına məzuniyyətə çıxdığı və iş başında olmadığı barədə məlumat yayılmışdı. Azərbaycan Sahibkarlar Konfederasiyasından isə bildirilib ki, Məmməd Musayev gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Konfederasiya dövlət və özəl sektorla əməkdaşlığını öz mandatına uyğun şəkildə davam etdirdiyini də açıqlayıb.