Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquq və vəzifələri izah edilib.
Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin müdafiə hüququnun və digər prosessual təminatlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilib.
Məhkəmə işi üzrə hazırlıq iclası keçirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət dosyesindəki şahid siyahısı ətrafında sensasion detallar üzə çıxmaqda davam edir. Siyahıda siyasətçilər, partiya sədrləri - ADP sədri Sərdar Cəlaloğlu, “El” hərəkatının keçmiş rəhbəri Eldar Namazov, eləcə də Ramiz Mehdiyevin yaxın qohumları, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, gəlini Nigar Mehdiyeva, kürəkən tərəfdən qohum olduğu ehtimal edilən Fazil və Nəbi Əliyevlərin adları məlumdur. Ancaq ən böyük sual doğuran, siyasi pərdəarxası müstəvidə ciddi rezonans yaradan məqam siyahının 2-ci sırada adı çəkilən Elşən Məhyəddin oğlu Kərimovun kimliyidir.
Ramiz Mehdiyevin işində şahid olan Elşən Kərimov da hakimiyyəti zorla devirməyə cəhd və açıq çağırışlarda ittiham olunub.
Elşən Kərimov 2024-cü il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1-ci - hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsi onun həbsinə qərar verib. Bakı Ağır Cinayətlər Məhkəməsində (hakim Səbuhi Hüseynov, dövlət ittihamçısı Orxan Kəngərli) keçirilən proseslərdə onun “WhatsApp” vasitəsilə qrup yaradaraq hakimiyyəti ələ keçirməyə dair çağırışlar etdiyi, paylaşımlar yaydığı sübuta yetirilib. Nəticədə 6 aylıq həbs cəzası alaraq azadlıqdan məhrum edilib.
Bəs bu şəxsi Ramiz Mehdiyevin qalmaqallı məhkəmə işi ilə nə bağlayır? Cavab mediada gedən kiçik, amma heyrətamiz bir detaldadır: “Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə 7 mərasimində də saxlanılıb”.
İncə detallara diqqət edək. Uzun illər Rusiyada yaşayan, məhz atasının vəfatı bəhanəsi ilə Azərbaycana gələn və dərhal “WhatsApp” üzərindən hakimiyyəti devirmək çağırışları edən bir şəxs Ramiz Mehdiyevin işində əsas şahidlərdən biridir.
Bu şəxsin Rusiyakı anti-Azərbaycan şəbəkələri ilə hansısa əlaqələri olub? Hakimiyyət əleyhinə çağırışlarda suçlanan bir şəxsin Ramiz Mehdiyev işində şahid kimi keçməsi, bu şəxslərin eyni siyasi niyyətlərə xidmət etdiyi anlamına gəlmir?
Ramiz Mehdiyev və çevrəsinin ölkədəki xaos planları, Rusiyadakı müəyyən dairələrlə gizli sövdələşmələri haqqında iddiaların fonunda Elşən Kərimov fiquru diqqət cəlb edir.
Qeyd edək ki, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. İş üzrə ittiham aktında Ramiz Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Musavat.com