Вернуться назад Распечатать

Bakıda "zolaq" iflası – AYNA-nın eksperimentləri paytaxtı niyə iflic edir?

Bakıda hər il tədris ilinin başlaması ilə eyni mənzərə təkrarlanır: saatlarla davam edən, əsəbləri tarıma çəkən və şəhəri nəhəng bir dayanacağa çevirən tıxaclar. Amma son aylarda paytaxt yollarındakı xaotik sıxlığın səbəbi yalnız avtomobillərin sayının artması deyil. Sürücülərin və sərnişinlərin dilindən düşməyən əsas tənqid hədəfi bu dəfə tamam başqadır: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında  AYNA-dan sakinlər haqlı olaraq soruşurlar:

Qurumun tətbiq etdiyi layihələr tıxacı azaldır, yoxsa süni şəkildə artırır? 
1. "Ağıllı həll" yoxsa darboğaz effekti?
AYNA-nın nəqliyyat axınını tənzimləmək üçün təqdim etdiyi bəzi "təkmilləşdirmə layihələri" reallıqda tam əks effekt verir. Məsələn, Mikayıl Müşfiq küçəsindən başlayıb Statistika Komitəsinə qədər uzanan və ya Nəriman Nərimanov heykəlinin arxasındakı ərazilərdə salınan yeni avtobus zolaqları buna ən bariz nümunədir. Ekspertlərin və sürücülərin rəylərinə görə, mövcud yolların infrastrukturunu genişləndirmədən, onsuz da dar olan 150-200 metrlik "butulka effekti" yaradan hissələrdə radikal zolaq kəsimləri etmək yolları tamamilə kilidləyir. Nəticədə, əvvəllər bir neçə dəqiqəyə keçilən qısa məsafələr indi 40-50 dəqiqə vaxt aparır. Ən acınacaqlısı isə odur ki, avtomobillərin tıxacında qalan elə AYNA-nın rahat hərəkət etməsini istədiyi ictimai nəqliyyat — sərnişin avtobusları olur.
2. Parklama idarəçiliyi: Nəqliyyatın tənzimlənməsi, yoxsa qazanc marağı?
AYNA-nın paytaxt küçələrində parklama məntəqələrinin sayını sürətlə 100 minə çatdırmaq strategiyası da ciddi suallar doğurur. Qurum bu addımı şəhərdə maşınların azalması və nizam-intizam üçün atdığını iddia etsə də, küçələri genişləndirilməyən, daxili yolları darboğaz olan Bakıda hər tərəfin pullu parklamaya çevrilməsi faktiki olaraq hərəkət zolaqlarını daha da daraldır. Alternativ və yeraltı parkinq infrastrukturunu tam qurmadan küçələrdə kütləvi xətləmə işləri aparmaq, nəqliyyat sistemini idarə etmək deyil, sadəcə inzibati rüsum yığmaq təəssüratı yaradır.
3. Müvəqqəti və "kosmetik" kosmik qərarlar
Son günlərdə yolları müvəqqəti boşaltmaq xatirinə ali təhsil müəssisələrinin 2-3 günlük distant təhsilə keçirilməsi və ya müəyyən metro stansiyalarının (məsələn, "Xocəsən" və "Avtovağzal") sərnişinlər üçün qısamüddətli ödənişsiz edilməsi kimi addımlar problemin köklü həlli deyil. Cəmiyyətdə yaranan rəy ondan ibarətdir ki, bu cür "yanğınsöndürən" taktikalar strateji şəhərsalma və urbanistika planının olmamasından xəbər verir. Sentyabrın 15-dən dövlət sektorunda sınaq məqsədilə başladılan 2 aylıq dəyişkən (çevik) iş qrafiki eksperimenti də, yalnız kütləvi ictimai nəqliyyat islahatları ilə dəstəklənməsə, özəl sektoru əhatə etmədiyi üçün yarımçıq qalmağa məhkumdur. 
Kağız üzərindəki 7 layihə və küçədəki reallıq
AYNA vaxtaşırı olaraq "Bakıda tıxacların aradan qaldırılması üçün 7 mühüm layihə" və ya Bakı-Sumqayıt yoluna alternativ 3 böyük strateji yol planı barədə hesabatlar yayır. Lakin bu nəhəng layihələrin icrası uzandıqca, agentliyin gündəlik fəaliyyəti yalnız sürücülərə cərimə yazmaq və yolları zolaqlarla bölməkdən ibarət qalır. 
Bakının tıxac problemi kosmetik xətlərlə, plansız avtobus zolaqları ilə və ya qəfil qərarlarla həll olunan mərhələni çoxdan keçib. Paytaxt sakinlərinin AYNA-dan gözləntisi sənəd üzərindəki rəqəmlər yox, real şəbəkə idarəçiliyi və hərəkətin elmi əsaslarla tənzimlənməsidir. Əks halda, hər yeni çəkilən zolaq Bakını bir az da keçilməz edəcək.
Aidə Tofiqqızı