Azərbaycanda növbəti illərdə dağ-mədən və metallurgiya sənayesində 5 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının icrası nəticəsində istehsal və emal potensialının artırılması, yüksək əlavə dəyər yaradan məhsulların istehsalının genişləndirilməsi, investisiyaların və qeyri-neft ixracının artırılması, eləcə də regionların sosial-iqtisadi inkişafına töhfənin gücləndirilməsi gözlənilir.
Hazırda mədənçıxarma sənayesində 32 963 nəfər çalışır. Onlardan 4 063 nəfəri qadınlardır. Xam neft və təbii qaz hasilatında əmək müqaviləsi ilə işləyənlərin sayı 19 638 nəfər, metal filizlərinin hasilatı sahəsində çalışanların sayı isə 1 987 nəfərdir. Mədənçıxarma sənayesinə xidmət göstərən sahələrdə 8 633 muzdlu işçi çalışır. Onlardan 1 268-i qadındır.
Yeni iş yerlərinin Bakı və Gəncə şəhərlərində, həmçinin Daşkəsən, Balakən, Kəlbəcər və Qarabağda yaradılması planlaşdırılır.
Daşkəsəndə dəmir filizi layihəsi çərçivəsində Zənginləşdirmə zavodu ilə yanaşı, Pellet istehsalı və İBD zavodunun qurulması nəzərdə tutulur. Gəncədə "Azəralüminium" MMC-nin elektroliz zavodu layihəsinin tamamlanması və istehsal gücünün artırılması da əlavə məşğulluq imkanları yaradacaq.
Bundan başqa, "Baku Steel Company" QSC tərəfindən tikişsiz boru istehsalı sahəsində yeni istehsal güclərinin yaradılmasının dəstəklənməsi Bakıda iş yerlərinin artmasına imkan verəcək.
Proqram çərçivəsində Zəylik-Alunit yataqlarında alunitin sənaye istifadəsi, ondan alüminium oksidi və alüminium istehsalı, eləcə də özəl sektor tərəfindən illik təxminən 200 min ton gücündə ilkin alüminium istehsalı müəssisəsinin yaradılması imkanlarının qiymətləndirilməsi planlaşdırılır.
Kəlbəcərdə Söyüdlü (Zod) qızıl yatağı üzrə hasilat və emal prosesinin qurulması, Balakəndə Filizçay polimetal yatağının texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması və tikinti işləri ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur. Həmçinin Ağdərədə Dəmirli mədən-filiz yatağının istismarının davam etdirilməsinin dəstəklənməsi planlaşdırılır.
Yeni iş yerlərinin yalnız texniki işçilər üçün deyil, ixtisaslı kadrlar üçün də yaradılacağı gözlənilir. Xüsusilə mühəndislər, geoloqlar, mədən ölçməçiləri (geodezistlər) və əməyin təhlükəsizliyi üzrə mütəxəssislər üçün yeni vakansiyaların açılması nəzərdə tutulur.