Вернуться назад Распечатать

Bakıda 1 milyonluq evləri kimlərin aldığı bilindi

Bakıda qiyməti 1 milyon manatdan baha olan 42 mənzilin satılması daşınmaz əmlak bazarında bahalı mənzillərə də tələbin olduğunu göstərir. Bu isə yüksək qiymətli mənzillərin kimlər tərəfindən və hansı məqsədlə alındığı məsələsini gündəmə gətirir.

Bəs bu cür bahalı mənzillərə tələbin əsas səbəbi nədir – investisiya, yoxsa yüksək gəlirli şəxslərin yaşayış seçimi?

Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a bildirib ki, hazırda Bakı şəhərində yeni binalarda mənzillərin kvadratmetrinin ən aşağı qiyməti, 2 500 manatdan başlayır və 4 000 manata qədər yüksəlir.

Onun sözlərinə görə, qiymətlər yerinə görə dəyişir və daha yüksək qiymətlər də ola bilər:

"Çünki mənzil qiymətləri əsasən yerləşdiyi yerə görə dəyişir. Şəhərin mərkəzində qiymətlər fərqlidir, kənar ərazilərdə isə başqa qiymətlərdir. Yəni konkret olaraq əmlak yerləşdiyi yerə görə dəyərləndirilir. Ən aşağı qiymət 2 500 manatdan başlayır və daha yuxarı gedir. Söhbət Bakı şəhərindən gedir. Torpaqların qiymətləri də yerləşdiyi əraziyə görə dəyişir. Mərkəzi hissələrdə qiymətlər fərqlidir, mərkəzdən uzaqlaşdıqca isə başqa qiymətlərə rast gəlinir. Ən ucuz yerlərdə, belə deyək, şəhərin mərkəzi hissələrindən söhbət gedirsə, sotun qiyməti 50 min manatdan başlayaraq daha yüksək qiymətlərə çatır.

Onu konkret olaraq demək çətindir ki, yuxarı qiymət nə qədərdir. Bir sözlə, əmlak istər yeni bina olsun, istər köhnə bina, istər torpaq sahəsi, istər obyekt, istərsə də ticarət obyekti konkret olaraq yerləşdiyi yerə görə dəyərləndirilir.

1 milyon manat civarında əmlak alındıqda da, əgər normal yerdə ev və ya əmlak alırsınızsa, istər yeni bina olsun, istər ticarət obyekti, istərsə də yaşayış üçün yeni və ya köhnə bina olsun, qiymət yerləşdiyi yerə görə dəyişə bilər. Bu baxımdan 1 milyon manat o qədər də böyük məbləğ deyil. Çünki əmlak bazarında ucuz qiymətə də ev alanlar var, orta qiymətə də, baha qiymətə də. İnsanlar necə müxtəlif kateqoriyalara bölünürsə, əmlak bazarında da müxtəlif alıcı kateqoriyaları mövcuddur.

Bu nöqteyi-nəzərdən baxsaq, hər adamın alıcılıq qabiliyyəti eyni deyil.

Biznesmenlər, iş adamları, Azərbaycana yatırım üçün gələn xarici investorlar, Azərbaycanda yaşamaq üçün gələn xaricilər, yerli iş adamları və biznesmenlər ucuz yerdən ev almağa üstünlük verməyə bilərlər. Digər sahələrdə, məsələn, geyimdə, yeməkdə və digər istiqamətlərdə olduğu kimi, əmlak bazarında da aşağı, orta və yuxarı gəlirli insanlar bazara müraciət edirlər. Buna görə də burada müxtəlif kateqoriyalı mənzillərin olması və insanların seçimlərinin bu istiqamətdə formalaşması normaldır".

Ekspert əlavə edib ki, digər tərəfdən, nəzərə alsaq ki, yeni binalarda ən aşağı qiymət, məsələn, 2 500 manatdan başlayır, bu, bizə onu deməyə əsas verir ki, əslində 1 milyondan yuxarı qiymətə istər obyekt, istər ticarət obyekti, istərsə də yeni bina almaq o qədər də böyük rəqəm deyil:

"Çünki şəhərin mərkəzində, məsələn, 250-300 kvadratmetrlik yaşayış sahəsi belə həmin qiymətə çıxa bilər. Bunun da öz alıcıları var. Konkret olaraq, bunlar iş adamları, yerli biznesmenlər, xarici investorlar və ya Azərbaycanda yaşayan hər hansı xarici şirkətin əməkdaşı və ya səfirlik əməkdaşı ola bilər. Bu nöqteyi-nəzərdən 1 milyon manata əmlakın satılması o qədər də qeyri-adi hal hesab edilməməlidir. Çünki hazırkı əmlak bazarını nəzərə alsaq, bu, normal qəbul edilməlidir. Ticarət obyektlərinə gəldikdə də vəziyyət eynidir. Onların qiymətləri də konkret olaraq yerləşdiyi yerə görə dəyişir. Torpaqların qiymətləri də həmçinin əraziyə görə fərqlənir.

Yəni 1 milyon və ya 1 milyondan yuxarı qiymətə hər hansı əmlakın satılması qeyri-adi hal kimi qiymətləndirilməməlidir. Konkret olaraq əmlak kvadratmetr, torpaq isə sot üzrə qiymətləndirilir. Ola bilsin ki, əmlak şəhərin mərkəzi hissəsində, əsas yola yaxın ərazidə yerləşir və ya sahəsi böyükdür. Torpaq sahəsidirsə, onun sotunun qiyməti şəhərin mərkəzi hissəsində daha yüksək ola bilər. Buna görə də belə əmlakların qiymətinin 1 milyon manata çatması və ya daha yüksək olması hazırkı bazarda qeyri-adi hal deyil.

Bu baxımdan hazırkı əmlak bazarında, əvvəllər də olduğu kimi, dünyanın müxtəlif ölkələrində hər kateqoriyadan olan insanların əmlak almaq imkanı və tələbi var. Bu nöqteyi-nəzərdən 1 milyon manat əmlak bazarında böyük rəqəm hesab edilməməlidir. Çünki evlər kvadratmetr, torpaqlar isə sot üzrə satılır və onların qiyməti 1 milyon manatdan, hətta daha yuxarı məbləğlərdən başlaya bilər.

Konkret olaraq, əmlak yerləşdiyi yerə görə dəyərləndirildikdə, şəhərin mərkəzi hissələrində və mərkəzə nisbətən yaxın ərazilərdə 1 milyon və 1 milyondan yuxarı qiymətlər o qədər də böyük rəqəm hesab edilməməlidir.

Əmlak bazarında hər kateqoriyadan olan insanlar öz seçimlərini etməkdə sərbəstdirlər. Aşağı gəlirli vətəndaşlar daha aşağı qiymətli, orta gəlirli insanlar orta qiymətli, yuxarı gəlirli insanlar isə daha yüksək qiymətli əmlak alırlar. Yəni hər kəs öz imkanına və büdcəsinə uyğun əmlak almaqda sərbəstdir. 1 milyondan yuxarı qiymətə əmlak alan insanların da imkanları buna yol verirsə, belə əmlakları almaqları normaldır.

Ona görə də bu, əmlak bazarında qeyri-adi hal hesab edilə bilməz. Hər qiymətə əmlak ola bilər. Əmlak yerləşdiyi yerə və kvadratmetrinə görə qiymətləndirilir. Ola bilsin ki, 1 milyondan daha yüksək, hətta 2-3 milyon manata qədər əmlak qiymətləri olsun. Bu, normal haldır. Əmlakın qiyməti onun yerləşdiyi yerə, sahəsinə və digər xüsusiyyətlərinə görə müəyyənləşir. Qiymət bundan dəfələrlə yuxarı və ya aşağı da ola bilər. Ona görə də insanlar üçün, məsələn, 1 milyon, 2 milyon manata əmlak satılması qeyri-adi görünməməlidir.

Bunun başqa bir tərəfi də odur ki, hazırda Rusiyadan və Avropanın bəzi ölkələrindən Azərbaycan əsilli iş adamlarının Azərbaycan əmlak bazarına gəldiyini müşahidə edirik. Bunlar daha çox böyük məbləğdə gəlir gətirən ticarət obyektlərinin və evlərin alınmasında iştirak edirlər. Avropanın bəzi ölkələrindən olan investorlar da Azərbaycana yatırım edirlər.

Azərbaycan əsilli iş adamlarının Rusiyadan və Avropadan hazırkı əmlak bazarına üz tutduqlarını müşahidə edirik. Onların əmlak bazarına investisiya qoyuluşu davam edir. Yəqin ki, bunun səbəblərindən biri Azərbaycanda əmlakın investora gəlir gətirməsidir. Nəzərə alsaq ki, əmlak müəyyən faiz dərəcələrində istər kirayə, istərsə də satış yolu ilə investora gəlir gətirir, bu baxımdan xaricdə yaşayan Azərbaycan əsilli investorların Azərbaycan əmlak bazarına marağının artması başadüşüləndir.

Onlar hazırkı əmlak bazarındakı inkişafı gördükdən sonra xüsusilə əmlaka investisiya yatırmağa davam edirlər".