Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Malinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdoulaye Diop ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Görüş zamanı Azərbaycan-Mali münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.
Nazirlər Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin Azərbaycanın Afrika ölkələri və Afrika İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə sadiqliyi diqqətə çatdırılıb.
Geniş fikir mübadiləsindən sonra Ceyhun Bayramov və Abdoulaye Diop Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Mali Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumunu imzalayıblar.
Sənəd iki ölkə arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, eləcə də davamlı və müntəzəm siyasi dialoqun təmin edilməsinə xidmət edəcək.