Bizim cəmiyyətdə doğulan hər bir uşağın alnına sanki görünməz bir yazı yazılır: "Böyüyüb universitetə girəcəksən." Uşaq hələ bağçaya gedəndən evdə "böyüyəndə kim olacaqsan?" sualına verilən cavablar həkimlikdən, hüquqşünaslıqdan o tərəfə keçmir. Sanki həyatın tək bir formulası var – reytinqli bir universitet, qırmızı diplom və mütləq şəkildə "ali təhsilli" statusu. Bəs niyə biz övladlarımızı mütləq şəkildə oxutmağa bu qədər meylliyik? Niyə ali təhsil hədəf yox, bir növ məcburiyyətə çevrilib?
Əslində bu, illərlə formalaşan sosial təzyiqin və status yarışının nəticəsidir. Valideynlər övladının ali təhsil almasını həm də özlərinin cəmiyyətdəki uğuru kimi görürlər. Qonşunun, qohumun uşağı universitetə giribsə, "bizimki ondan əskik deyil" düşüncəsi ailələri daxildən gəmirir. "Camaat nə deyər?" qorxusu uşaqların real istedad və maraqlarını kölgədə qoyur. Nəticədə isə həm ailələri, həm də gəncləri böyük bir psixoloji və maddi girdaba sürükləyən zəncirvari problemlər yaranır.
Borc-xərc içində oxudulan tələbələr
Bu zəncirin ilk həlqəsi universitet imtahanlarının nəticələri açıqlananda başlayır. Övladı dövlət sifarişli (ödənişsiz) yerə qəbul olmayan, lakin ödənişli əsaslarla universitetə düşən minlərlə ailə dərhal hərəkətə keçir. "Təki diplomu olsun, hamı oxuyur, mənim uşağım da oxusun" deyən valideynlər büdcələrinin gücü çatmadığı halda belə geri çəkilmirlər.
Ölkənin müxtəlif bölgələrində hər il eyni mənzərə təkrarlanır: banklardan yüksək faizli kreditlər götürülür, ailənin son qızılları lombardlara qoyulur, kənd yerində ailənin dolanışıq mənbəyi olan mal-qara dəyər-dəyməzinə satılır. Hətta yaxın qohumlara minnətçi düşüb borc yığılır. Valideynlər illərlə geyinmir, yemir, sadəcə övladının illik universitet təhsil haqqını ödəmək üçün gecə-gündüz işləyir. Bu maliyyə yükü ailələrin çiynində ağır bir travmaya, gərginliyə çevrilir.
Universitetə girməyənlərə "uğursuz" damğası
Bəs imtahandan kəsilənlər və ya ümumiyyətlə universitetdə oxumaq istəməyənlər hansı yollardan keçir? Onların vəziyyəti bəlkə də daha ağırdır. Universitetə daxil ola bilməyən bir gənc cəmiyyətdə dərhal "uğursuz" elan edilir. Evdə başlayan valideyn təzyiqi, bitmək bilməyən danlaqlar və "biz sənə bu qədər pul tökdük, repetitora göndərdik, sən isə bizi el içində xar elədin" ittihamları gənclərin psixologiyasını alt-üst edir.
Valideynlər anlamırlar ki, hər kəsin akademik potensialı eyni ola bilməz. Bir uşaq mükəmməl bir dizayner, dahi bir aşpaz, istedadlı bir proqramçı və ya uğurlu bir sahibkar ola biləcəyi halda, sadəcə ali məktəbə girmədiyi üçün ailəsi tərəfindən "faydasız" biri kimi rəftar görür. Bu amansız təzyiq bir çox gəncin özünəinamını vaxtından əvvəl məhv edir və onları depressiyaya salır.
Divardan asılan diplom və acı reallıq: İşsizlik
Ən acınacaqlı və paradoksal mənzərə isə prosesin sonunda – yəni o çox arzulanan diplom alınandan sonra ortaya çıxır. Borc-xərc içində, ailənin böyük fədakarlıqları ilə başa vurduğu 4 illik təhsildən sonra gənc diplomunu əlinə alıb əmək bazarına çıxır. Və budur, acı reallıq: Vakansiyalarda diplom yox, real bacarıq, təcrübə və müasir dünya standartlarına uyğun biliklər tələb olunur.
Universitetlərin bir çoxunda hələ də köhnəlmiş proqramlarla təhsil verildiyi üçün məzunlar iş dünyasının tələblərinə cavab verə bilmirlər. Nəticədə, min bir əziyyətlə alınan o diplom evdə qonaq otağının divarından asılmaqdan başqa heç bir işə yaramır. Valideynlərin illərlə pul tökdüyü, uğrunda borca girdiyi gənclər iş tapa bilmədikləri üçün ya fərqli sahələrdə aşağı maaşla işləməyə məcbur olurlar, ya da işsizlər ordusuna qoşulurlar. Borclar isə hələ də ödənməyi gözləyir...
Çıxış yolu nədir?
Biz artıq "diplom hər şeydir" düşüncəsindən əl çəkməliyik. Müasir dünya diplomu yox, bacarığı satın alır. Valideynlər övladlarını öz arzularının qurbanına çevirməyi dayandırmalı, onları məcburi şəkildə universitetlərə sürükləmək əvəzinə, peşə təhsilinə, praktiki kurslara və real əmək bazarının tələb etdiyi sahələrə yönəltməlidirlər. Unutmayaq ki, bədbəxt və işsiz bir universitet məzunu olmaqdansa, öz işinin ustası olan xoşbəxt və axtarılan bir peşə sahibi olmaq qat-qat üstündür.
Aidə Tofiqqızı