Вернуться назад Распечатать

Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir

 

Azərbaycan iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya
sənayesinin inkişafı  ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır və bununla
əlaqədar müvafiq Dövlət Proqramı hazırlanıb. Proqramın hazırlanması ilə bağlı aprel ayında
Ölkə başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb və müəyyən işlər görülüb.
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya
sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Sözügedən müşavirədə dövlətimizin başçısı bu sahənin  ölkə iqtisadiyyatı üçün, xüsusilə
qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıdığını, çox perspektivli olduğunu
vurğulamışdır. Qeyd etmişdir ki, bu, maliyyətutumlu sahə olsa da, ölkəmizdə yeni, müasir
sənaye istiqaməti yaradacaq.
Qeyd edilib ki, bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun
inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu
sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş
mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın
işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin
tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Qeyd etmək lazımdır ki, Azərbaycanın dağ-mədən sənayesi zəngin tarixə malikdir.
Respublikamızda filiz çıxarılması və metallurgiyanın inkişafı Gədəbəy, Daşkəsən və digər
bölgələrdə qədim zamanlardan başlayıb. 1636-cı ildə alman alimi Adam Oleari Gədəbəy və
Daşkəsən yataqlarından mis və dəmir filizinin çıxarılması haqqında məlumat verib. 1867-
1914-cü illər ərzində Almaniyanın “Siemens” şirkəti Gədəbəydəki yataqlardan mis, qızıl,
gümüş, “Bittibulaq” yatağından isə mis çıxarıb.
XX əsrin əvvəllərində digər alman şirkəti “Vagau” Balakən rayonunun ərazisində əlvan metal
yataqlarının axtarışı və istismarı ilə məşğul olub. Ötən əsrin ortalarında mədən texnikasının
inkişafı və bərk faydalı qazıntıların zənginləşdirilməsi ilə bir sıra faydalı filiz yataqları istifadəyə
verilib. Bunlara Daşkəsən dəmir filizi, Zəylik alunit, Daşkəsən, Paraqaçay molibden, Gümüşlük
polimetal mədənləri və digərləri daxildir.
Ölkəmizin dağ-mədən sənayesinin sürətli inkişafı isə Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderin hələ keçmiş SSRİ dövründə bu sahəyə göstərdiyi xüsusi diqqət və
qayğısı nəticəsində respublikamızda çoxsaylı dağ-mədən filiz yataqları aşkar edilib.
Göründüyü kimi, Azərbaycanda faydalı qazıntı yataqlarının kütləvi istismarına SSRİ dövründə
başlansa da, müstəqilliyin ilk illərindən etibarən həmin yataqların bəzilərinin istismarı
dayandırılıb.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dağ-mədən sənayesinin inkişaf
konsepsiyası son 23 ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən
müddətdə sənayenin bu sahəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının, o cümlədən
qeyri-neft sektorunun davamlı inkişafına öz töhfələrini verib. Dövlətin iqtisadiyyatın
şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı  müəyyənləşdirdiyi strateji hədəflərə
uyğun olaraq Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı, Gəncə alüminium zavodu və digər
sənaye müəssisələri istifadəyə verilib. Bu da Azərbaycanda dağ-mədən sənayesinin inkişafına
təkan verməklə ölkənin iqtisadi potensialının gücləndirilməsində mühüm rol oynayıb.
Azərbaycanda dağ-mədən sənayesinin indiyədək lazımi səviyyədə inkişaf etməməsinin
müəyyən səbəbləri olub. Dövlətimizin başçısının dediyi kimi, bir çox yataqlar 30 ilə yaxın
Ermənistanın işğalı altında olub. Eyni zamanda, bizim təbii resurslarımız – qızıl, mis, molibden
yataqlarımız talan edilirdi. Sovetlər dövründə isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılsa
da, Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi. Ona görə
respublika ərazisindəki bir çox perspektivli yataqlar hələ də öz geoloji kəşfiyyat dövrünü
gözləyir. Bu baxımdan yeni Dövlət Proqramının qəbulu çox əhəmiyyətlidir.
İlkin olaraq işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması
nəzərdə tutulur. Əsasən, bu sıraya Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl,
mis, molibden yataqları daxildir. Prezidentin dediyi kimi, Ağdərə rayonunda artıq işlərə
başlanılıb. Yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və

beləliklə, mövcud olan yataqlarda istismar artıq başlanılacaq. Qərb Sənaye Parkının
yaradılmasının əsas məqsədi də məhz dağ-mədən sənayesinin inkişafıdır.
Yeni proqram həmçinin regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir. Necə
ki, indiyədək qəbul edilmiş proqramlarda bölgələrin inkişafı xüsusi yer tutub. Hazırda
ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və 25 milyard kubmetrdən çox qaz ixrac edirik.
Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bu gün ölkədə ehtiyat generasiya gücləri
kifayət qədər böyükdür. Hətta müəyyən həcmdə elektrik enerjisi ixrac edilir.
Digər infrastruktur layihələri də uğurla həyata keçirilib və bu proses davamlıdır. Xəstəxanalar
və məktəblər tikilib, avtomobil və dəmir yolları çəkilib, hava limanları inşa edilib. Qeyri-neft
sektorunun inkişafını, o cümlədən bu infrastruktur layihələri də şərtləndirir.
“Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş
proqramlar bu artımı daimi və uzunmüddətli edəcək. Əfsuslar olsun ki, Azərbaycanda dağ-
mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf
etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox
yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq
siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da
davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan
rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib,
kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni
silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt
verilmişdi,” –deyə Prezident İlham Əliyev sözügedən müşavirədə bunları bir daha xatırladıb.
İşğal dövründə təbii resurslarımız – qızıl, mis, molibden yataqlarımız da talan edilirdi. Ona
görə də indi bu sərvət öz geoloji kəşfiyyat dövrünü gözləyir. İlk  növbədə gündəmdəki işğaldan
azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə
rayonunda artıq işlərə  start verilib.
Dövlət Proqramının 2027-2030-cu illəri əhatə etməsi isə qarşıdakı dövr üçün ardıcıl və sistemli
fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Proqram çərçivəsində nəzərdə
tutulan layihələrin mərhələli şəkildə həyata keçirilməsi dağ-mədən və metallurgiya
sənayesində yeni istehsal imkanlarının formalaşmasına, regionların iqtisadi fəallığının
artmasına və sənaye potensialının daha səmərəli istifadəsinə şərait yarada bilər.
Ümumilikdə, dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönələn bu siyasət
Azərbaycanın sənaye strukturunda qeyri-neft sektorunun payının artırılması, yerli xammal
bazasından daha səmərəli istifadə edilməsi və iqtisadiyyatın uzunmüddətli dayanıqlığının
təmin olunması baxımından mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər.
İntiqam Abdullayev,
“Sabirabad Xəbər” portalının rəhbəri