Вернуться назад Распечатать

Dövlət Proqramı çərçivəsində bu istiqamətdə konkret mexanizmlərin müəyyənləşdirilməsi ölkənin mineral resurs bazasının genişləndirilməsi üçün yeni imkanlar yaradır

 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən
(metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş
müşavirədə çıxışı ölkənin təbii ehtiyatlarının iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsi və
qeyri-neft sektorunun yeni istehsal imkanları hesabına şaxələndirilməsi baxımından mühüm
istiqamətləri müəyyənləşdirir.
Dövlət Proqramı dağ-mədən və metallurgiya sənayesinin inkişafını sistemli şəkildə təmin
etməklə yanaşı, yeni sənaye sahələrinin yaradılmasına, məşğulluğun artırılmasına və istehsal
zəncirinin formalaşdırılmasına xidmət edəcək. Bu sahənin əhəmiyyətini artıran əsas
amillərdən biri Azərbaycanın zəngin mineral-xammal ehtiyatlarına malik olmasıdır. Uzun
müddət ərzində bir sıra yataqların tam öyrənilməməsi və mövcud ehtiyatların müasir
texnologiyalar əsasında yenidən qiymətləndirilməməsi böyük potensialın tam üzə
çıxarılmasına imkan verməyib. Dövlət Proqramı çərçivəsində bu istiqamətdə konkret
mexanizmlərin müəyyənləşdirilməsi ölkənin mineral resurs bazasının genişləndirilməsi üçün
yeni imkanlar yaradır.
Cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunun 5,4 faiz artması iqtisadiyyatın yeni inkişaf
mənbələrinin formalaşdığının göstəricisidir. Neft hasilatının təbii səbəblərdən azalması
fonunda qeyri-neft sənayesinin genişləndirilməsi iqtisadi artımın daha çox sahə üzrə təmin
olunması baxımından mühüm əhəmiyyət daşıyır. Dağ-mədən və metallurgiya sənayesinin
inkişafı da bu prosesə yeni töhfə verə bilər.
İşğaldan azad edilmiş ərazilər bu baxımdan xüsusi potensiala malikdir. İşğal dövründə təbii
sərvətlərin qanunsuz istismarı, meşə fondunun məhv edilməsi və faydalı qazıntı yataqlarının
talan olunması həmin resursların ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib.
Hazırda isə həmin ərazilərdə bərpa və quruculuq işləri ilə yanaşı, təbii ehtiyatların müasir
üsullarla öyrənilməsi və istismara cəlb edilməsi üçün də geniş imkanlar yaranıb.
Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının
istismara hazırlanması bu baxımdan diqqət çəkir. Ağdərədə artıq işlərə başlanılması, Kəlbəcər
və Zəngilanda isə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda,
mövcud yataqların müasir geoloji üsullarla yenidən araşdırılması onların ehtiyatlarının daha
dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. Son onilliklərdə texnologiyaların sürətlə inkişaf
etməsi əvvəllər mümkün olmayan daha dəqiq kəşfiyyat və qiymətləndirmə üsullarından
istifadə etməyə şərait yaradır.
İşğal illərində Azərbaycanın təbii sərvətlərinə qarşı törədilən dağıntılar təkcə yaşayış
məntəqələri, tarixi-mədəni abidələr və infrastrukturla məhdudlaşmayıb. İşğal altındakı
ərazilərin zəngin meşə fondunun məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı və talan
olunması ekoloji fəsadları bu gün də hiss olunan ciddi nəticələr doğurub. Meşələrin kütləvi
şəkildə qırılması, ağacların qanunsuz şəkildə daşınması və kommersiya məqsədilə istifadəsi,
faydalı qazıntı yataqlarının nəzarətsiz istismarı, su ehtiyatlarına və torpaq örtüyünə vurulan
zərər işğalın təbiətə qarşı törətdiyi cinayətlərin miqyasını göstərir. Bu ərazilərdə təbii
ekosistemlərin bütövlüyünün pozulması yalnız həmin dövr üçün deyil, sonrakı mərhələlər üçün
də ciddi ekoloji problemlər yaradıb. Xüsusilə meşə ehtiyatlarının məhv edilməsi uzunmüddətli
nəticələri ilə seçilir. Çünki meşə örtüyünün azalması torpaqların eroziyaya məruz qalmasını
sürətləndirir, biomüxtəlifliyə mənfi təsir göstərir, su ehtiyatlarının formalaşması və
tənzimlənməsi proseslərini zəiflədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və
quruculuq işləri fonunda təbiətə vurulmuş zərərin aradan qaldırılması da mühüm istiqamətə
çevrilib. Qarşıya qoyulan vəzifə yalnız dağıdılmış yaşayış məntəqələrini və infrastrukturu
yenidən qurmaq deyil, həm də uzun illər ərzində zədələnmiş ekoloji tarazlığın bərpasına nail
olmaqdır. Dövlətimizin başçısı qeyd edib: “İşğal dövründə Kəlbəcər, Laçın və Zəngilan
rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib,
kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni
silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt
verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı
yaddan çıxarmayıblar”.

Geoloji kəşfiyyatın genişləndirilməsi yalnız işğaldan azad edilmiş ərazilərlə məhdudlaşmır.
Naxçıvan Muxtar Respublikasında gələn ildən geoloji kəşfiyyat işlərinin başlanmasının
nəzərdə tutulması bu baxımdan mühüm addımdır. Burada da yeni yataqların mövcudluğunun
araşdırılması ölkənin mineral-xammal bazasının genişləndirilməsi baxımından əlavə imkanlar
yarada bilər.
Digər mühüm məsələ dövlət və özəl sektorun bu prosesdə birgə iştirakıdır. Dövlət xətti ilə
“AzerGold” vasitəsilə işlərin aparılması ilə yanaşı, sahənin özəl sektor üçün açıq olması
investisiya imkanlarını genişləndirir. Xarici tərəfdaşların geoloji kəşfiyyat layihələrinə cəlb
olunması isə maliyyə resursları və müasir texnologiyalar baxımından əlavə imkanlar yarada
bilər. Belə əməkdaşlığın nəticəsində yeni yataqlar aşkarlandığı halda, əsas məsələ həmin
resursların ölkə daxilində səmərəli emalını təmin etməkdir. Əhəmiyyətli ehtiyatlar aşkarlandığı
halda zənginləşdirmə və emal zəncirinin yaradılması əsas vəzifələrdən biri olmalıdır. Bu amil
dağ-mədən sənayesinin ayrı-ayrı hasilat layihələri çərçivəsindən çıxaraq daha geniş
metallurgiya və emal sənayesinin formalaşmasına imkan verə bilər.
Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft sektorunun
genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Geoloji kəşfiyyatın gücləndirilməsi,
mövcud yataqların müasir texnologiyalarla qiymətləndirilməsi, yeni yataqların istismara cəlb
olunması, dövlət və özəl sektorun əməkdaşlığının genişləndirilməsi, ən əsası isə hasilatdan
emala qədər tam istehsal zəncirinin qurulması bu sahənin inkişafının əsas istiqamətləridir. Bu
yanaşma təbii sərvətlərin iqtisadi dəyərinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və
qeyri-neft sənayesinin daha da şaxələndirilməsinə xidmət edəcək.
Qabil Əliyev,
Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin sədri