1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin gərginliyinin azaldılması üçün üç əsas addımın atılmasını istəyir.
Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində bildirib ki, Vaşinqtonun təklifləri enerji infrastrukturuna qarşı hücumların dayandırılması, Qara dənizdə taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması və Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsindən ibarətdir.
Zelenskinin sözlərinə görə, üçtərəfli görüş üçün mümkün məkan kimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi nəzərdən keçirilir. O, əvvəlcə texniki qrupların görüşünün keçirilməsinin də müzakirə edildiyini bildirib.
Ukrayna lideri enerji obyektlərinə qarşı qarşılıqlı atəşkəs təklifinə Kiyevin hazır olduğunu da qeyd edib. Onun sözlərinə görə, ABŞ bu istiqamətdə danışıqları davam etdirir.