Azərbaycanda mal ətinin qiymətində son bir ayda 1–2 manatlıq artım müşahidə olunur. Bazar iştirakçıları bahalaşmanı əsasən mövsümi amillərlə əlaqələndirsələr də, ekspertlər qiymət artımının arxasında daha fundamental səbəblərin dayandığını bildirirlər.
Hazırda satış məntəqələrində sümüklü mal əti təxminən 19 manata, sümüksüz ət isə 21–22 manata satılır.
1xeber.media xəbər verir ki,Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son bir ayda mal ətinin qiymətinin 1–2 manat artması yalnız mövsümi amillərlə izah edilə bilməz.
Onun sözlərinə görə, mövsümi faktor burada müəyyən rol oynayır. Yayın başa çatması ilə otlaq imkanlarının azalması heyvandarlıq təsərrüfatlarının yemə olan tələbatını artırır. Qışa hazırlıq dövründə fermerlər yem ehtiyatı toplamağa başlayırlar və bu da maya dəyərinə təsir göstərə bilər. Lakin mal ətinin qiymətindəki artımın əsas səbəbini yalnız bununla əlaqələndirmək düzgün deyil.
İqtisadçı qeyd edib ki, daha fundamental problem heyvandarlıqda istehsal bazasının daralmasıdır. Azərbaycanda son illərdə iribuynuzlu mal-qaranın sayının azalması təklifin genişlənməsini məhdudlaşdırır. Nəticədə bazarda ətə tələbat sabit qaldığı halda istehsalın artırılması çətinləşir.
“Yem xərclərinin təsiri xüsusilə əhəmiyyətlidir. Mal-qaranın saxlanması üçün yem, ot, arpa və digər yem komponentlərinin qiyməti artdıqca fermerin bir kiloqram ət istehsalına çəkdiyi xərc yüksəlir. Bunun üzərinə baytarlıq xidmətləri, dərmanlar, əməkhaqqı, elektrik enerjisi, nəqliyyat və digər xərclər əlavə olunur. İstehsalçı bu xərclərin hamısını dərhal qiymətə keçirməsə də, müəyyən müddətdən sonra bunun pərakəndə qiymətə təsiri qaçılmaz olur”, – deyə A.Nəsirli bildirib.
Onun sözlərinə görə, mağaza və bazarda qiymətin 1–2 manat artması həmin məbləğin hamısının fermerin maya dəyərinin artmasından yarandığı anlamına gəlmir. Tədarükçü, kəsim məntəqəsi, nəqliyyat və pərakəndə satış mərhələlərində yaranan əlavə marjalar da qiymətə təsir edir. Buna görə bahalaşmanın dəqiq səbəbini müəyyənləşdirmək üçün təsərrüfatdan pərakəndə satışa qədər bütün zəncir üzrə xərcləri müqayisə etmək lazımdır.
İqtisadçı bildirib ki, qarşıdakı aylarda qiymətlərin əvvəlki səviyyəyə tam qayıtması üçün təklif tərəfində ciddi dəyişiklik lazımdır. Mal-qaranın sayı azalmaqda davam edərsə, yem və digər istehsal xərcləri yüksək qalarsa, mal ətinin qiymətində əlavə artım riski də qalacaq.
Bununla belə, indiki 1–2 manatlıq artımın eyni sürətlə davam edəcəyini indidən demək olmaz. Tələbin zəifləməsi və ya yem qiymətlərinin sabitləşməsi artım tempini azalda bilər.
A.Nəsirli vurğulayıb ki, problemin uzunmüddətli həlli pərakəndə qiyməti inzibati yolla saxlamaqdan daha çox, yerli heyvandarlığın maya dəyərini aşağı salmaq və mal-qaranın sayını artırmaqdan keçir. Bunun üçün yem bazasının genişləndirilməsi, örüş və otlaq sahələrindən səmərəli istifadə, damazlıq heyvandarlığın inkişafı, fermerlərin maliyyəyə çıxışının yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi vacibdir.
“Əks halda, istehsal azalarkən tələbat qorunarsa, mal ətində bahalaşma təzyiqinin qarşıdakı dövrdə də qalması mümkündür”, – deyə iqtisadçı əlavə edib.