Вернуться назад Распечатать

"Yazıq qadın" nağılının yarım saatlıq ömrü: İki mərtəbəli ev, saxta şəhid adı və Aytacın əsl üzü!

 Bir az vicdanınız olsun, bir az utanın!
Sosial şəbəkələrdə qarşıma bir video çıxdı. İlk baxanda adamın ürəyi ağrıyır, elə bilir ki, qarşısındakı yazıq, çarəsiz, dərdi-səri başından aşan bir xanımdır. 
Amma bir az dərininə gedəndə, pərdəarxası faktlar üzə çıxanda adamın sadəcə bədəni əsir. İnsan öz-özünə düşünür: görəsən bu qadında heç utanmaq hissi, heç vicdan deyilən bir şey yoxdur?
Söhbət Ağdərənin Vəngli kəndinə köçürülən Aytac Əmircanlıdan gedir. Gəlin nağılları bir kənara qoyub real faktlara baxaq. Bu dövlət sənə nə etməli idi ki, etməyib? 4 ailə üzvünlə birlikdə getmisən, sənə Ağdərədə iki mərtəbəli ev verilib. Bir dəfə yox, iki dəfə yox, düz 3 dəfə sənin nazınla oynayıb, istəyinə uyğun mənzili təmir ediblər. Evin içini məişət avadanlığı ilə doldurublar. Atanın müraciəti ilə kənddə iki mərtəbəli obyekt yeri veriblər, onun da aylıq icarə pulunu simvolik bir şey — 184 manat ediblər. Onu da ödəməmisiniz, yüzlərlə manat borc yaranıb.
İş təklif edirlər, bəyənmirsən, "mənə iş yoxdur" deyirsən. Dövlət dözür, deyir eybi yox, gəl sənə özünüməşğulluq üçün mal-qara verək, öz biznesini qur. Bu qədər yaxşılığın, bu qədər dəstəyin qarşılığı nədir, bilirsiniz? Evin "kupçasını" (çıxarışını) əldə edən kimi oranı satmaq planları qurmaq! Hələ keçmişdə Xankəndindəki hoteldə qeyri-etik hərəkətlərə görə işdən qovulmağını demirəm.
Amma bura qədər olanlar hələ harasıdır... Ən dəhşətlisi, adamın qanını donduran məqam tamamilə başqadır. Xanım fırlanıb özünü şəhid ailəsi kimi təqdim edir! Ay ayıbdır, ay günahdır! Sən o müqəddəs adı necə öz çirkin oyunlarına alət edə bilərsən? Bu, bu vətən uğrunda canını verən o oğulların ruhuna, onların gözüyaşlı analarına hörmətsizlik deyil, bəs nədir?
Və ən piki... Uğrunda minlərlə şəhid verdiyimiz, hər qarışını qanla geri aldığımız o torpaqda, dövlətin sənə verdiyi o iki mərtəbəli evdə oturub düşməndən, ermənidən kömək istəmək nə deməkdir? Bunun adı nankorluqdur, bunun adı vətənə xəyanətdir!
Vallah, söz tapmıram. Adamın lap əti tökülür. Dövlətdən hər şeyi al, hər imtiyazdan yararlan, sonra da sosial şəbəkədə məzlum obrazı yaradıb düşmənə əl aç. Bir az insafınız olsun, bir az vicdanınız olsun. Bu torpağın da, bu dövlətin də çörəyi adamın gözünü tutar!
Aidə Tofiqqızı