Вернуться назад Распечатать

Ceyhun Bayramov ABŞ şirkətləri ilə strateji əməkdaşlığı müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirmi Masada çıxış edib.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ildə keçirilmiş Vaşinqton sammitindən sonra formalaşan Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, habelə ikitərəfli əlaqələrin əsas istiqamətlər üzrə daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Ceyhun Bayramov iştirakçılara Azərbaycanın xarici siyasət prioritetləri, müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi addımlar və Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsas sütunları barədə məlumat verib.

Nazir iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt və bağlantı sahələrində əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. O, həmçinin regional proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışıb.

Bayramov 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton Birgə Bəyannaməsi və paraflanmış Sülh Sazişindən sonra regional normallaşma istiqamətində atılan addımları diqqətə çatdırıb. Bu çərçivədə tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi praktiki etimad quruculuğu tədbirlərinin əhəmiyyətini qeyd edib.

Nazir Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsində, eləcə də regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanın gücləndirilməsində TRIPP təşəbbüsünün rolunu vurğulayıb.

Ceyhun Bayramov Azərbaycanın Orta Dəhliz və “Digital Silk Way” vasitəsilə regional bağlantı mərkəzi kimi strateji rolundan da danışıb.

Bildirilib ki, ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqundan sonra ticarət, enerji, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyəti təşkil olunub. Dialoq çərçivəsində 10-dan çox saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyi əldə edilib.

Ceyhun Bayramov, həmçinin ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, enerji sahəsində əldə olunan mühüm strateji nəticələri diqqətə çatdırıb.