1xeber.media xəbər verir ki, Fransa Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən Yanbu limanındakı strateji enerji obyektlərinin qorunması üçün ölkəyə hərbi qüvvələr və müdafiə sistemləri göndərəcək.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, göndəriləcək qüvvələr arasında hərbçilər, radar sistemləri və hava hücumundan müdafiə vasitələri olacaq. Onun sözlərinə görə, məqsəd Fransanı Yəməndəki qarşıdurmaya cəlb etmək deyil, Yanbudakı mühüm obyektlərin təhlükəsizliyini təmin etməkdir.
Qərar Səudiyyə Ərəbistanının Yəməndəki husilərin hücumları ilə üzləşdiyi bir vaxtda açıqlanıb. Səudiyyə tərəfi son günlər husilərin atdığı bir neçə ballistik raketin ələ keçirildiyini bildirib. Husilər isə Yanbudakı “Saudi Aramco” obyektləri də daxil olmaqla müxtəlif hədəflərə raket və PUA hücumları həyata keçirdiklərini açıqlayıblar.
Yanbu Səudiyyə Ərəbistanının enerji ixracında mühüm əhəmiyyət daşıyır. Burada ölkənin şərqindən Qırmızı dənizə neft nəql edən Şərq-Qərb boru kəmərinin son nöqtəsi yerləşir.