İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası zamanı dünya liderlərinə müraciət edib.
1xeber.media xəbər verir ki, Netanyahu kürsüyə qalxarkən Baş Assambleya zalında diqqətəlayiq anlar yaşanıb.
Netanyahu çıxış etmək üçün kürsüyə yaxınlaşarkən, çoxsaylı ölkələrin nümayəndə heyətləri etiraz əlaməti olaraq zalı tərk ediblər. Zalda istehza və etirazlar əks-səda verərkən, Netanyahunun tərəfdarlarının alqışları və şüarları da eşidilib. Sessiyaya sədrlik edən BMT Baş Assambleyasının prezidenti dəfələrlə asayişin bərpa olunmasına çağırıb. Həmçinin bildirilib ki, Fələstinin BMT-dəki Daimi Nümayəndəliyi çıxışdan əvvəl üzv dövlətlərə mesajlar göndərərək Netanyahu kürsüyə çıxdıqda onları kütləvi şəkildə zaldan çıxmağa çağırıb.
Çıxışının lap əvvəlində Netanyahu zalı tərk edən ölkə nümayəndələrini hədəfə alıb. İsrail Baş naziri nümayəndə heyətlərini "mənəvi qorxaqlar" adlandırıb və getmək istəyən digər nümayəndələrə də zalı tərk etməyi tapşırıb. "Associated Press"in məlumatına görə, etirazdan sonra Baş Assambleya zalındakı bir çox yer boş qalıb.
Netanyahunun çıxışında ən diqqət çəkən məqamlardan biri onun kürsüdə peycer cihazını göstərməsi olub. İsrailin HƏMAS, Hizbullah və İrana qarşı hərbi əməliyyatlarından danışan Netanyahu cihazı qaldıraraq "Peycerləri xatırlayırsınız? Hizbullah, şübhəsiz ki, xatırlayır", - deyib.
Netanyahunun açıqlamaları, Hizbullah üzvlərinin istifadə etdiyi peycerlərin eyni vaxtda partladılması ilə bağlı 2024-cü ilin sentyabr ayında Livanda keçirilən əməliyyatı yenidən diqqət mərkəzinə gətirib.
17 sentyabr 2024-cü ildə Livanda Hizbullah üzvləri tərəfindən istifadə edilən minlərlə peycer eyni vaxtda partlayıb. İlk gün baş verən partlayışlar nəticəsində iki uşaq da daxil olmaqla 12 nəfər həlak oldu, təxminən 2800 nəfər yaralanıb.