Вернуться назад Распечатать

Azərbaycan 16 ölkəyə qaz ixrac edir - Mikayıl Cabbarov

Artıq otuz ildən çoxdur ki, tərəfdaşlarımızla əl-ələ verərək çalışmaqla yalnız öz ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və regiondan kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edirik.

1xeber.media xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışında deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə tədarük olunur, bunlardan 10-u Avropa İttifaqının üzvüdür ki, bu da Azərbaycanı coğrafi əhatəsinə görə dünyanın aparıcı boru kəməri qazı tədarükçülərindən birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur.

"Biz bizneslərin və hökumətlərin haraya investisiya qoymağı, nəyə üstünlük verməyi, kiminlə ticarət etməyi yenidən nəzərdən keçirdiyi bir vaxtda görüşürük. Bütün bunlar qloballaşmanın öz formasını dəyişdiyi bir dövrdə baş verir. Xərc və səmərəlilik vacibliyini qoruyub saxlayır, eyni zamanda, tərəfdaşların etibarlılığı və təchizat zəncirinin davamlılığı iqtisadi qərarların və siyasətin qəbul olunmasında daha böyük çəkiyə malik olur", - deyə nazir əlavə edib.

Mikayıl Cabbarov qeyd edib ki, uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyalar və təkrar investisiyalar yaratmağa davam edir və ölkəmizdə fəaliyyət göstərən əksər xarici şirkətlər qazanclarını yenidən buraya - xüsusilə ənənəvi enerji istehsalı ilə yanaşı, bərpaolunan enerji sahəsinə yatırmağı seçirlər.