Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) öz işinə başlayıb.
1xeber.media xəbər verir ki,iki gün davam edəcək mötəbər tədbir İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, həmçinin Avropanın nüfuzlu beyin mərkəzlərindən olan "The European House – Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçirilir.
"Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunan forumda dünyanın aparıcı investorları, dövlət rəsmiləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri və qlobal biznes liderləri iştirak edirlər.
Forumun açılış mərasimində Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı rəsmi müraciət oxunub. Dövlət başçısı öz müraciətində forumun əhəmiyyətini yüksək qiymətləndirərək, "II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bu tərəfdaşlıqların inkişaf etdirilməsi üçün mühüm platformadır" fikrini vurğulayıb. Prezident bu cür platformaların konkret təşəbbüslərə və uzunmüddətli qlobal əməkdaşlığa böyük təkan verdiyini qeyd edib.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrində qlobal iqtisadi artımın gələcəyi, makroiqtisadi və geosiyasi amillərin investisiya mühitinə təsiri, regional iqtisadi əməkdaşlığın yeni formaları və Cənubi Qafqazın dəyişən qlobal iqtisadi mənzərədə artan rolu diqqət mərkəzində saxlanılıb. Xüsusilə yaşıl iqtisadiyyat, bərpaolunan enerji, rəqəmsal transformasiya, logistika və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma prosesində investorların iştirakı imkanları geniş şəkildə müzakirə edilib.
İki günlük forum müddətində Azərbaycanın müxtəlif dövlət və özəl qurumları ilə xarici şirkətlər arasında sənaye, maliyyə, tikinti, süni intellekt və bərpaolunan enerji sahələrini əhatə edən çoxsaylı ikitərəfli əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulur