Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən strateji islahatlar öz müsbət nəticələrini verməkdədir. Ölkədə investorlar üçün yaradılan əlverişli biznes mühiti xarici və yerli investisiyaların həcminin sürətlə artmasına təkan verib.
1xeber.media xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin son iqtisadi göstəricilərini və investisiya uğurlarını diqqətə çatdırıb. Dövlət başçısı qeyri-neft sektorunun cəlbediciliyinin artmasını xüsusi vurğulayaraq bildirib:
"Ötən il 10 milyard ABŞ dollarından çox dəyərində investisiya sazişləri imzalanıb. Bunun 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektoruna aid olub."
Bu rəqəmlər Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığının azaldılması istiqamətində atılan addımların real göstəricisidir. İmzalanan ümumi investisiya sazişlərinin 70 faizindən çoxunun məhz qeyri-neft sahələrinin payına düşməsi ölkənin dayanıqlı inkişaf modelinin uğurunu sübut edir.
Mütəxəssislərin fikrincə, cəlb olunan investisiyalar əsasən yaşıl enerji, rəqəmsal texnologiyalar, logistika, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edir. Eyni zamanda, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı yenidənqurma işləri və investorlara tətbiq edilən güzəştlər də bu artımda mühüm rol oynayıb. Azərbaycan hökuməti investorların hüquqlarının qorunması və biznes proseslərinin rəqəmsallaşdırılması istiqamətində islahatları davam etdirməkdə qərarlıdır.