Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” panel sessiyalarla davam edib. Panel sessiyalarda dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, şirkət rəhbərləri, fermer və sahibkarlar kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, tətbiq edilən innovativ həllər və əldə olunmuş nəticələr, aqrobiznes və qida sənayesinə investisiya imkanları, dövlət-özəl tərəfdaşlığı ilə bağlı müzakirələr aparıblar.
1xeber.media xəbər verir ki, Forumun 1-ci günündə “Aqrobiznesdə innovasiya və texnoloji inkişaf mövzusuna həsr olunmuş panel sessiyada çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Nəticədə son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8%, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasındadır.
Nazir Məcnun Məmmədov vurğulayıb ki, müasir kənd təsərrüfatı texnologiya, elm, informasya, maliyyə və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan iqtisadi fəaliyyət sahəsinə çevrilib. Bununla belə qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhali artımı aqrar sahəyə yeni yanaşmaları zəruri edir. Nazir əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə ölkəmizdə aqrar siyasətin növbəti mərhələsi müəyyən olunub. Dövlət Proqramının əsas prioritetlərindən biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi, başlıca məqsəd isə resurslardan daha səmərəli istifadə etməklə məhsuldar, davamlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sisteminin formalaşdırılmasıdır.
“AnewZ” telekanalının aparıcısı Katio Vilsonun moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən Bolonya Universitetinin Kənd təsərrüfatı və qida elmləri departamentinin professoru Matteo Vittuari, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu, “Azersun Holding”in Müşahidə Şurasının sədri Tahir Gözel, “Agro Dairy” MMC-nin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Aqrobiznes innovasiyası ərzaq təhlükəsizliyi, diversifikasiya və kənd yerlərinin inkişafının hərəkətverici qüvvəsi kimi”, “Məhsuldarlığın artırılması üçün texnologiyaların tətbiqi, dəqiq kənd təsərrüfatı və dayanıqlı təsərrüfat təcrübələri”, “Emal imkanları, əlavə dəyər yaradan istehsal və regional və qlobal ərzaq təchizat zəncirlərinə inteqrasiya”, “Kənd təsərrüfatı, qida sənayesi və aqrotexnologiyalar üzrə investisiya imkanları və beynəlxalq tərəfdaşlıqlar” mövzuları ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi forumda xüsusi stendlə təmsil olunur. Nazirliyin stendində aqrar sektorun investisiya potensialı, innovativ layihələr, müasir aqrotexnologiyalar və kənd təsərrüfatında tətbiq olunan rəqəmsal həllər təqdim edilib.
Stenddə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən startapların innovativ layihələri nümayiş etdirilib. Təqdim olunan həllər süni intellekt və robot texnologiyalarının kənd təsərrüfatında tətbiqi, dəqiq kənd təsərrüfatı, torpaq və bitki monitorinqi, su və digər resurslardan səmərəli istifadə, heyvandarlıqda müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə və aqrar sahədə məlumatların təhlili kimi istiqamətləri əhatə edib.
Bununla yanaşı, stenddə aqrar sahədə həyata keçirilməsi nəzərdə tutulan perspektiv investisiya layihələri və investisiya imkanları barədə məlumatlar təqdim olunub. Xarici və yerli investorların diqqətinə aqrar istehsal, emal, bağçılıq, heyvandarlıq və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları çatdırılıb.