Prezident İlham Əliyev sentyabrın 25-də "Global Infrastructure Partners" (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
1xeber.media xəbər verir ki, GIP dünyanın ən böyük aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BlackRock"un strukturuna daxildir.
2026-cı il iyunun 30-na olan məlumata görə, idarə olunan aktivlərinin dəyəri 15,3 trilyon ABŞ dolları olan "BlackRock" enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. "Global Infrastructure Partners"in idarə etdiyi aktivlərin dəyəri isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin "BlackRock", "Microsoft" və "MGX" ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.
"BlackRock" 1988-ci ildə Nyu-Yorkda təsis edilib, onun təsisçisi və baş icraçı direktoru Larri Finkdir. Şirkətin fəaliyyətinə investisiyaların, ETF (Birja İnvestisiya Fondu), istiqrazların, səhmlərin, alternativ investisiyaların idarə edilməsi daxildir. Şirkət həmçinin nəqliyyat-logistika infrastrukturuna, data-mərkəzlərə, energetika infrastrukturuna və s. fəal şəkildə investisiyalar həyata keçirir.
ETF seqmentində əsas brend "iShares"dir.
"BlackRock" bu gün öz müştərilərinin maraqları naminə passiv indeks fondları və aktiv portfellər vasitəsilə paylara malik olmaqla, bütün dünyada minlərlə şirkətə investisiya yatırır. "BlackRock" portfelindəki ən böyük aktivlər texnologiya və korporativ nəhənglərindəki paylardır: "NVIDIA Corporation" - portfeldə ən böyük pay (6,5 %-ə qədər), "Apple Inc." (5 %-ə qədər), "Microsoft Corporation" (4,5 %-ə qədər). Bundan başqa, "BlackRock" "Amazon.com Inc.", "Alphabet Inc.", "Broadcom Inc.", "Micron Technology", "Intel", "Meta", "Tesla", "JPMorgan Chase", "Eli Lilly", "Berkshire Hathaway" şirkətlərində paylara sahibdir.
2024-cü ilin yanvarında "BlackRock" dünyanın ən böyük infrastruktur investisiya idarəedicilərindən biri olan GIP şirkətini satın aldığını elan edib. Sövdələşmənin məbləği nağd şəkildə 3 milyard ABŞ dolları və təxminən 12 milyon "BlackRock" səhmi təşkil edib. Sövdələşmə 2024-cü il oktyabrın 1-i yekunlaşıb. Bu andan etibarən GIP "BlackRock"un birbaşa törəmə şirkətidir.
Hazırda GIP diqqətini nəqliyyat, enerji infrastrukturuna, eləcə də data mərkəzlərinə investisiya yatırmağa cəmləyib. Xüsusilə, şirkət Londonun Qatvik, Edinburq (Şotlandiya), Sidney (Avstraliya) hava limanlarında, "Pacific National" (Avstraliya) və "Italo" (İtaliya) dəmir yollarında, "Peel Ports" (Böyük Britaniya) və "Port of Melbourne" (Avstraliya) dəniz limanlarında, iri data mərkəzləri operatoru olan "CyrusOne" data mərkəzində, "Clearway", "Vena", "Atlas" və "Eolian" enerji nəhənglərində paylara sahibdir.
Azərbaycan "BlackRock"la əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və onu konkret məzmunla zənginləşdirir.
Prezident İlham Əliyev son bir il ərzində Adebayo Oqunlesi ilə dəfələrlə görüşüb: 2025-ci ilin sentyabrında Nyu-Yorkda, dekabrında Bakıda, 2026-cı ilin yanvarında isə Davosda. Davosdakı görüş "BlackRock"ın baş direktoru Larri Finkinin iştirakı ilə keçirilib.
Məhz Davosda tərəflər gələcək əməkdaşlığın ən konkret parametrlərini müəyyən ediblər. Azərbaycan Dövlət Neft Fondu (ARDNF), "BlackRock" və GIP arasında GIP-nin idarə etdiyi infrastruktur fondlarına və birgə investisiya imkanlarına üç-dörd il ərzində 1,5 milyard ABŞ dollarına qədər vəsait yatırılması imkanının nəzərdən keçirilməsinə dair niyyət protokolu imzalanıb.
Ayrıca olaraq, tərəflər Azərbaycanda infrastruktur aktivlərində, o cümlədən bulud texnologiyalarına və süni intellektə olan regional tələbatı ödəyə biləcək data mərkəzləri və infrastrukturdakı investisiya imkanlarını öyrənmək barədə razılığa gəliblər. Daha bir istiqamət kimi isə hava limanı infrastrukturu göstərilib.
Yəni söhbət artıq təkcə beynəlxalq investorun Azərbaycana olan marağından deyil, uzunmüddətli əməkdaşlıq üçün konkret layihələrdən və alətlərdən gedir. Bununla yanaşı, ARDNF və GIP-in tərəfdaşlığı artıq praktik formata malikdir. 2025-ci ilin fevralında ARDNF İtaliyanın yüksəksürətli dəmir yolu operatoru olan "Italo"ya 34,5 milyon avro investisiya yatırıb. Ötən ilin oktyabrında ARDNF GIP ilə birgə Londonun Qatvik hava limanına daha 50 milyon funt sterlinq vəsait yatırıb.
Beləliklə, bugünkü görüş artıq qurulmuş sıx qarşılıqlı fəaliyyətin məntiqi davamıdır, həmçinin Azərbaycanda yaradılmış əlverişli investisiya mühitinin mövcudluğunu vurğulayır.
"BlackRock"un Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə marağını artıran daha bir amil ölkənin əlverişli coğrafi mövqeyi və Mərkəzi Asiya ilə sıx əlaqələridir. 2025-ci ilin noyabrında Azərbaycan əvvəlki C5 formatını C6-ya çevirərək Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu iştirakçısı olub. Bu, iri infrastruktur investorları üçün layihələrin potensial miqyasını genişləndirir. Bu halda Azərbaycan təkcə ayrıca bir milli bazar kimi deyil, həm də daha geniş regionun bir hissəsi kimi nəzərdən keçirilir.
"BlackRock"/GIP Mərkəzi Asiya ölkələrində, ilk növbədə Qazaxıstan və Özbəkistanda aktiv fəaliyyət planlaşdırır. Xüsusilə, 2026-cı ilin may ayında "BlackRock"/GIP, Əbu-Dabinin suveren fondu L'IMAD, dövlət neft şirkəti ADNOC və Sinqapurun "Temasek" fondu ilə birgə 30 milyard dollarlıq qlobal infrastruktur alyansının yaradıldığını elan edib. Bu fond Fars körfəzi ölkələri və Mərkəzi Asiyaya yönəlib. Əsas istiqamətlər "xidmət kimi infrastruktur", təmiz energetika, su təchizatı və süni intellekt (AI) üçün data mərkəzləridir.
Qazaxıstanda "BlackRock" nəqliyyat və logistika infrastrukturunun genişmiqyaslı modernləşdirilməsinin maliyyələşdirilməsinə diqqət yetirir. 2026-cı ilin iyul ayında "BlackRock "rəhbərliyi Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə rəsmi danışıqlar aparıb. Neft-kimya layihələrinə investisiyalar, dövlət aktivlərinin özəlləşdirilməsi və AI üçün data mərkəzlərinin inkişafı müzakirə olunub. Bundan əlavə, "BlackRock" Özbəkistan Milli İnvestisiya Fondunun səhmlərinin ilkin yerləşdirilməsi zamanı əsas lövbər investoru (cornerstone investor) kimi çıxış edib. Özbəkistanda şirkət 2027-ci ildə işə salınması planlaşdırılan Daşkənd Beynəlxalq Maliyyə Mərkəzinin konsepsiyasının və strukturunun formalaşmasında iştirak edir.
Nəticədə bütün iştirakçılar üçün sərfəli olan bir zəncir yaranır: "BlackRock" və GIP Cənubi Qafqaz və Mərkəzi Asiyanı yeni infrastruktur və maliyyə imkanları regionları kimi nəzərdən keçirir, Azərbaycan isə regional bağlantı və regiona iri investorların cəlb edilməsi mərkəzi kimi öz mövqelərini möhkəmləndirir.