Вернуться назад Распечатать

Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan mötəbər paneldə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədəki sabitlik, daxili təhlükəsizlik və güclü maliyyə imkanları barədə mühüm bəyanatlar səsləndirib.

1xeber.media xəbər verir ki,dövlət başçısı müasir qlobal çağırışlar fonunda investorlar və beynəlxalq tərəfdaşlar üçün ən fundamental faktorun məhz təhlükəsizlik mühiti olduğunu xüsusi vurğulayıb. Azərbaycanın bu istiqamətdə dünyaya nümunə olduğunu bildirən Prezident İlham Əliyev deyib:
"İndi dünyada digər önəmli amil təhlükəsizlikdir. Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir. Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır."
Dövlət başçısı ölkənin iqtisadi və maliyyə gücünə də toxunaraq xarici borcun olduqca aşağı səviyyədə olduğunu və Azərbaycanın onu cəmi bir gündə sıfırlamaq iqtidarında olduğunu bəyan edib.
Qlobal fondun rəhbəri: "Azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"
Forumda iştirak edən dünyanın ən böyük infrastruktur fondlarından biri – “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi də Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirib.
A.Oqunlesi Azərbaycanda ÜDM-in 10 dəfə artaraq 76 milyard manata çatdığını, adambaşına düşən ÜDM-in 8 dəfə yüksəldiyini və yoxsulluq dərəcəsinin 45 faizdən 5 faizədək düşdüyünü vurğulayıb. O, Azərbaycan xalqının Prezident İlham Əliyevi 5 dəfə dövlət başçısı seçməsini bu böyük nailiyyətlərin məntiqi nəticəsi adlandırıb:
"Azərbaycan Türkiyə və Avropa üçün təbii qazın əsas tədarükçülərindən birinə çevrilib. Ölkə beynəlxalq səviyyədə tanınan ərazilərini geri qaytarıb və sülh prosesində mühüm addımlar atıb. Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim."
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda qlobal investisiya sabitliyi, yaşıl enerji dəhlizləri və nəqliyyat-logistika layihələri müzakirə olunur.