Ötən illər ərzində turizm Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin mühüm tərkib hissəsinə çevrilib.
1xeber.media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) 2-ci günü çərçivəsində təşkil olunan paneldə bildirib.
Onun sözlərinə görə, ötən il turizmlə bağlı fəaliyyət növləri üzrə əlavə dəyər 7 milyard manata yaxın olub: "Sektorun milli iqtisadiyyatdakı payı isə təxminən 5,4 %-ə çataraq pandemiya öncəsi səviyyəni ötüb. Təkcə 2025-ci ildə turizm xidmətləri valyuta gəlirləri şəklində təxminən 2 milyard ABŞ dolları təşkil edib. Bu rəqəmlər göstərir ki, turizm iqtisadiyyatın digər bir çox sahələrinə də güclü təsir göstərən investisiya sektorudur".
O, xüsusilə 2026–2030-cu illər üçün Turizmin İnkişafına dair yeni qəbul edilmiş Dövlət Proqramını vurğulayıb. Qeyd edib ki, bu proqram turizm siyasətimizdə yeni bir mərhələni təcəssüm etdirir.