200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və
etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub
sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan
Qarabağa köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə
qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün
vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz
torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş,
20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada
bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan
inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə
soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından
qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın
azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci
ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə
başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə
azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı
qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin iqtisadiyyatına və
mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər
Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi
işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi
ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi.
Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 23 il ərzində həyata keçirilən inkişaf və tərəqqi
siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun
gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən
güclü ordularından birinə çevrildi.
Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam
edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək
bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal
olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü
ordu – güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə
planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən
əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və
zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını
qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə
ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini,
əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi
Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını
göstərdi.
Nəhayət, üç il əvvəl, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı
terror siyasətinin davamı olaraq 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı
qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində
hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan
dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror
tədbirlərinə başlanıldı.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq
göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə
ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun
əzmi və gücü qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə
yerləşən bütün strateji yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan
azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il
sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara
alınmışdır.
Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq»
siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim
Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin
reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda
olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar,
onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə
yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.
Etibar Muradov,
Sabirabad rayonu Ulacalı kənd sakini, 1-ci Qarabağ müharibəsi veteranı, Şəhid atası