Вернуться назад Распечатать

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə
planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 2020-ci il sentyabrın 27-də Vətən
müharibəsinə başlanıldı və 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını
“Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı
bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı.
44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız
qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq.
Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü,
Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan
azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il
sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara
alınmışdır.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq
göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız
əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı
zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin
günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini
sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin
düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman
şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər
Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir.
Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və
qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır,
xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan
Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü
yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən
şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini,
eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə
deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi
yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı
nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar
tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və
edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni
edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda
canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Həmin gün küçə, prospekt və
meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə,
sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının
ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri