İsrailin Baş naziri Benyamin Netanyahunun BMT-dəki çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi Türkiyə mediasında təhrif olunmuş şəkildə təqdim edilir.
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Türkiyə mətbuatı və sosial şəbəkələrində "Hər kəs zalı tərk etdi, Azərbaycan qaldı", "Yalnız Azərbaycan təmsilçisi Netanyahunu dinlədi", ""Qardaşımız" dediyimiz Azərbaycan Netanyahunu dinlədi" və "BMT-də böyük məyusluq yaradan ölkə: Azərbaycan" kimi başlıqlarla dezinformasiya xarakterli materiallar tirajlanır.
Şərhçi bildirir ki, Türkiyə mediası məsələni sanki zalda yalnız Azərbaycan diplomatının əyləşdiyi kimi qələmə versə də, reallıqda BMT Baş Assambleyasında Qazaxıstan da daxil olmaqla 40-a yaxın ölkənin nümayəndəsi olub. Buna baxmayaraq, diqqətin məhz Azərbaycanın üzərinə yönəldilməsi təsadüfi deyil. Türkiyədə İsrail-Fələstin münaqişəsindən sui-istifadə edərək Bakıya qarşı anti-Azərbaycan kampaniyası aparan müəyyən dairələr mövcuddur.
Bakı–Ankara xəttini hədəf alan qüvvələr
A.Nərimanlı vurğulayıb ki, Azərbaycan diplomatının zalda qalması, hansısa çıxışı dinləməsi və İsraillə münasibətləri rəsmi Bakının suveren hüququ və daxili işidir. Məsələni Türkiyə mediasında qabardaraq kampaniyaya çevirmək cəhdi Bakı-Ankara ittifaqına zərbə vurmağa və iki ölkənin ictimai rəyini manipulyasiya etməyə xidmət edir. Bu durum isə ən çox İsrail və İranın maraqlarına cavab verir.
Siyasi şərhçi yekunda qeyd edib ki, Türkiyədə hər fürsətdə eyni iddialarla çıxış edən və iki qardaş ölkənin münasibətlərini pozmağa çalışan bu qüvvələrin həqiqətən Fələstin davası apardığı, yoxsa İran və ya İsrailin maraqlarına xidmət etdiyi sual doğurur və bu məsələni müəyyənləşdirmək rəsmi Ankaranın öhdəliyinə düşür.(xpress.az)