Xankəndi şəhərini təmsil edən “Xan Yaşma” idman klubunun yetirmələri müxtəlif döyüş yarışlarında uğurlu nəticələr göstəriblər. AFC Liqasının Respublika turnirində klub 7 idmançı ilə təmsil olunub.
1xeber.media xəbər verir ki,yarışın nəticələrinə əsasən Umar Xəlilli, Süleyman Teymurov, Rasim Əsədzadə və Səməd Səmədzadə birinci yerə layiq görülüblər. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, klubun digər təmsilçiləri Məsud Həsənəliyev, Nurani Qədimzadə və Musab Xəlilli isə yarışda ikinci yeri tutublar. “Xan Yaşma” idman klubunun uğuru ASED 43 seriyasında da davam edib.
Klubun peşəkar döyüşçüsü Amin Qəhrəmanov rəqibi ilə qarşılaşmada qələbə qazanıb. O, rəqibini cəmi 25 saniyəyə nokautla məğlub edib.Bu, Amin Qəhrəmanovun peşəkar karyerasında ikinci döyüşü və ikinci qələbəsidir. Qeyd edək ki, “Xan Yaşma” idman klubunun baş məşqçisi Əli İsgəndərov Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubu olub və 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Onun rəhbərliyi ilə klubun idmançıları müxtəlif yarışlarda Xankəndi şəhərini təmsil edirlər.



