Qlobal iqtisadi münasibətlərin mürəkkəbləşdiyi, beynəlxalq bazarlarda qeyri-
müəyyənliyin artdığı və kapitalın daha etibarlı istiqamətlərə yönəldiyi müasir dövrdə investisiya
cəlbediciliyi hər bir ölkənin inkişaf perspektivlərini müəyyənləşdirən mühüm amillərdən birinə
çevrilib.
Belə şəraitdə investorlar yalnız yüksək gəlir imkanları axtarmır, eyni zamanda, siyasi
sabitliyə, hüquqi təminatlara, təhlükəsizliyə və uzunmüddətli əməkdaşlıq perspektivlərinə
xüsusi önəm verirlər. Azərbaycanın beynəlxalq investisiya məkanında mövqeyinin
möhkəmlənməsi məhz bu amillərin qarşılıqlı vəhdətinə əsaslanır. Sentyabrın 26-da Bakıda
keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış
dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı
kimi” mövzusunda keçirilən tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin
investisiya siyasətinin əsas istiqamətlərini bir daha gündəmə gətirib. Dövlət başçısının
çıxışında Azərbaycanın aparıcı beynəlxalq şirkətlər tərəfindən etibarlı tərəfdaş kimi qəbul
edilməsi və ölkədə əlverişli investisiya mühitinin formalaşması xüsusi diqqət çəkib.
Hər bir investor etimadının arxasında ardıcıl iqtisadi siyasət, öhdəliklərə sadiqlik və
əməkdaşlıq münasibətlərinin davamlılığı dayanır. Azərbaycanın otuz ildən artıq müddətdə
qoruyub saxladığı siyasi və iqtisadi sabitlik də beynəlxalq biznes dairələrinin ölkəmizə
münasibətində mühüm rol oynayır. Uzunmüddətli layihələrə və iri həcmli kapital qoyuluşlarına
qərar verən şirkətlər üçün sabit fəaliyyət şəraiti xüsusi əhəmiyyət daşıyır. Çünki investisiyanın
nəticəsi yalnız bazarın mövcud imkanlarından deyil, həm də həmin imkanların gələcəkdə
qorunacağından asılıdır. Bu baxımdan, Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı
müqavilə münasibətləri diqqətəlayiq təcrübədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, otuz
il əvvəl imzalanmış müqavilələrin şərtlərinin dəyişməz qalması investorların etimadını
gücləndirən mühüm amildir. Bu yanaşma ölkənin beynəlxalq iqtisadi tərəfdaşlıqda üzərinə
götürdüyü öhdəliklərə münasibətini nümayiş etdirir. Müqavilə sabitliyi isə kapital sahiblərinə
uzunmüddətli planlar qurmaq, riskləri daha düzgün qiymətləndirmək və yeni layihələrə inamla
yanaşmaq imkanı verir. Azərbaycanın investisiya cəlbediciliyində təhlükəsizlik amili də xüsusi
yer tutur. Müasir dünyada iqtisadi fəaliyyətin davamlılığı yalnız maliyyə və texnoloji imkanlarla
təmin olunmur. İctimai asayişin qorunması, təhlükəsiz biznes mühitinin mövcudluğu və
sabitliyin davamlılığı da sahibkarların qərarlarına birbaşa təsir göstərir. Ölkəmizdə təhlükəsizlik
məsələlərinə göstərilən diqqət həm yerli sahibkarların fəaliyyətinə, həm də xarici investorların
uzunmüddətli maraqlarına xidmət edən mühüm şərtdir.
Bununla yanaşı, Azərbaycanın beynəlxalq şirkətlərlə əməkdaşlığı təkcə mövcud iqtisadi
imkanların istifadəsi ilə məhdudlaşmır. Ölkədə formalaşmış investisiya mühiti yeni sahələrə
kapital cəlb etmək, istehsal imkanlarını genişləndirmək və iqtisadi əlaqələri şaxələndirmək
üçün də zəmin yaradır. Bu prosesdə etibarlı tərəfdaş imicinin qorunması strateji əhəmiyyət
daşıyır. Çünki qlobal rəqabət şəraitində investorların diqqətini cəlb etmək qədər onların
etimadını uzun müddət qorumaq da vacibdir.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi