Вернуться назад Распечатать

Rafiq Danakari: Alban-Udi icmasının üzvləri azad olunmuş ərazilərdəki məbədləri hər il ziyarət edirlər

Alban-Udi xristian dini icmasının üzvləri 2020-ci ildən sonra hər il azad olunmuş ərazilərdəki dini abidələri ziyarət edirlər.

Bunu report-a çıqlamasında sentyabrın 28-də rayon ərazisində yerləşən Xudavəng monastır kompleksini ziyarət etmiş Alban-Udi xristian dini icması sədrinin müavini Rafiq Danakari deyib.

O, Xudavəng monastırını ziyarət zamanı doğma dildə duallar etdiklərini, bu məbədlərin Azərbaycan xalqının mədəni irsi olduğunu dünyaya çatdırdıqlarını bildirib:

"Bu gün Alban-Udi dini icması olaraq bir daha Xudavəng monastır kompleksini ziyarət etdiyimiz üçün çox xoşbəxtik. Ümumiyyətlə, icmanın üzvləri 2020-ci ildən sonra hər il azad olunmuş ərazilərdəki dini abidələri ziyarət edirlər. Alban kilsəsinin varisləri olaraq dualarımızı öz ana dilimizdə, udi dilində - yəni qədim Qafqaz Alban dilində etdik. Biz bu gün bir daha bütün dünyaya mesaj göndərdik ki, bu kilsələr Azərbaycan xalqına aiddir, Azərbaycan xalqının mədəni irsidir. Qoy hər kəs bilsin ki, ölkəmizdə yerləşən bütün dini məbədlərin tək sahibi Azərbaycan xalqıdır".

Dini icmanın üzvü Romen Callati isə müxtəlif ərazilərdəki məbədləri ziyarət zamanı Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərə rəhmət oxuduqlarını, onların adına şam yandırdıqlarını bildirib.