Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar sayəsində regionun ən cəlbedici investisiya məkanlarından biridir.
1xeber.media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Onun sözlərinə görə, ölkəmizin investisiya mühitini gücləndirən və xarici investorlar üçün cəlbedici edən əsas amillər sırasında coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, enerji və nəqliyyat imkanlarının genişliyi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, əlverişli biznes mühitinin mövcudluğu, ən əsası inkişafa yol açan siyasi və makroiqtisadi sabitlik xüsusi qeyd edilir.
"Müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi əksər dövlətlərdə Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında tərəddüdlərin yaranmasına səbəb olmuşdu. Xarici investorlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, normal iqtisadi mühitin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Həyata keçirilən uğurlu siyasət ölkəmizi qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Ümummilli Lider yerli və xarici investorları ölkənin iqtisadiyyatına investisiya yatırmağa çağırdı, həmin sərmayələrin təhlükəsizliyinə tam əmin ola biləcəklərini bildirdi. Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 350 milyard dollara çatdırılması məhz həmin dövrdə yaradılan möhkəm təməlin nəticəsidir", - deyə o qeyd edib.
V.Rəhimzadənin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi hər bir beynəlxalq əhəmiyyətli tədbir, o cümlədən biznes forumlar, Bakı Enerji Həftəsi, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya forumları ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: "Bu günlərdə dövlət başçısı İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusunda tədbir bir daha iqtisadi reallıqlarımızın təbliğində öz sözünü dedi.
Forumda qlobal iqtisadi gündəm, investisiya perspektivləri və regional əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi aparıldı. Forumda Azərbaycanın regional bağlantı və investisiya imkanları, Orta Dəhlizin inkişaf perspektivləri, sənaye və azad iqtisadi zonalar, süni intellekt və rəqəmsal transformasiya, enerji və yaşıl keçid, kapital bazarları, aqrobiznes, kritik xammal və iqtisadi təhlükəsizlik əsas müzakirə mövzularını təşkil etdi. Azərbaycanın investisiya, istehsal, innovasiya və regional dəyər zəncirlərində yeni imkanlar yaratmaq üçün mövcud potensialı təqdim olundu. Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də strateji layihələrdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi".