Вернуться назад Распечатать

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

1xeber.media xəbər verir ki, uşaqlar Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.

Proqram çərçivəsində onlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçiriləcək. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanacaqlar.

Onların Şəki, Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.